Belarusda Nümayəndələr Palatasına və yerli şuralara seçkilərdə səsvermə başa çatıb. Belarus Mərkəzi Seçki Komissiyasının məlumatına görə, vahid səsvermə günü deputat seçkilərində vətəndaşların iştirak sayı səsvermə siyahılarına daxil olanların ümumi sayının 72,98% – ni təşkil edib.
MDB PA-dan olan beynəlxalq müşahidəçilər Minskdə, eləcə də Brest, Qrodno və Minsk vilayətlərində 127 seçki məntəqəsini ziyarət ediblər. Bu rəqəm səsvermə başa çatdıqdan sonra Minskdə keçirilən müşahidəçilər qrupunun yekun müşavirəsində səsləndirilib.
Qrupun tərkibində Parlamentlərarası Assambleyaya daxil olan Birlik ölkələrinin bütün qanunverici orqanlarının nümayəndələri, həmçinin MDB PA-nın Demokratiyanın inkişafının monitorinqi beynəlxalq institutunun ekspertləri çalışıblar. Rusiya Federasiyası Federal Məclisinin Federasiya Şurası sədrinin müavini Konstantin Kosaçev qrupun koordinatoru olmuşdur.
MDB PA-dan olan müşahidəçilərin işlərinin nəticələri seçkilərin ilkin yekunları elan edildikdən sonra təqdim olunacaq. Müşahidələrin nəticələri seçki kampaniyasının yekunları üzrə rəyin əsasını təşkil edəcəkdir.