Azərbaycan Respublikası Prezidentinin 28 avqust 2015-ci il tarixli Sərəncamına əsasən noyabrın 1-də Beşinci çağırış Azərbaycan Respublikasının Milli Məclisinə seçkilər keçirilmişdir. Seçkilər rəsmi elan olunduqdan sonra Mərkəzi Seçki Komissiyası tərəfindən “Beşinci çağırış Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərin hazırlanıb keçirilməsi üzrə əsas hərəkət və tədbirlərin Təqvim Planı” təsdiq edilmiş, nəzərdə tutulan bütün layihələr və tədbirlər Təqvim planına uyğun reallaşdırılmışdır. Seçici siyahıları da daxil olmaqla seçki məsələlərilə əlaqədar fəaliyyət göstərən 115 nömrəli qaynar xəttə və elektron qaynar xətlərə seçkilər elan olunduğu gündən oktyabrın 15-dək 485 müraciət daxil olmuşdur.
Bütün müraciətlərə MSK tərəfindən operativ reaksiya verilmiş və lazımi tədbirlər görülmüşdür. Oktyabrın 16-dan seçki gününədək MSK-ya daxil olmuş ümumilikdə 19 müraciətdən 6-sı namizədliyin qeydiyyatı ilə bağlı olmuşdur. Müraciətlərə baxılması prosesində həmin müraciətlərdən birinin əsaslandırılması mümkün olmuş və Komissiyanın qərarı ilə daha 1 nəfərin namizədliyi qeydə alınmışdır. Müraciətlərdən digər 13-ü ilə bağlı da müvafiq qərarlar verilmişdir. Seçki günündən sonra respublika üzrə seçki dairələrinin təqribən 1/4-dən, yəni cəmi 36 seçki dairəsindən, ümumilikdə 46 məsələ ilə bağlı müraciət daxil olmuş, bütün müraciətlər qanunvericiliyə uyğun şəkildə araşdırılaraq zəruri addımlar atılmışdır.
Araşdırmaların nəticəsi olaraq 1 seçki dairəsi və 45 seçki məntəqəsi üzrə səsvermənin nəticələri etibarsız hesab edilmişdir. Seçkilərin azad və ədalətli keçirilməsində şəffaflığın təmin olunması mühüm əhəmiyyət kəsb edir. Beşinci çağırış Azərbaycan Respublikasının Milli Məclisinə seçkiləri izləmək üçün ümumilikdə 65818 yerli müşahidəçi qeydiyyatdan keçmişdir. Bütün respublika ərazisində müşahidə aparmaq niyyəti ilə MSK tərəfindən qeydiyyatdan keçmiş 2619 yerli müşahidəçinin 1225 nəfəri siyasi partiya və siyasi partiya blokları, 683 nəfəri 7 qeyri-hökumət təşkilatı tərəfindən, 711 nəfəri isə qeydə alınmış namizədin və seçicilərin təşəbbüs qruplarının təşəbbüsü əsasında, həmçinin öz təşəbbüsləri ilə seçkilərə qatılıb.
Yerli müşahidəçilərin digər bir qrupu isə müəyyən seçki dairəsi hüdudları daxilində müşahidə aparmaq üçün müvafiq DSK-lar tərəfindən akkreditə olunub. Belə müşahidəçilərin sayı isə 63199 olub ki, bunlardan da 29716 nəfəri 22 siyasi partiya və siyasi partiya bloku, 1436 nəfəri 14 vətəndaş cəmiyyəti institutu tərəfindən, 32047 nəfəri isə qeydə alınmış namizədlərin, seçicilərin təşəbbüs qruplarının təşəbbüsü ilə və öz təşəbbüsləri ilə seçkiləri müşahidəsində iştirak ediblər. Müşahidə prosesinə 40 beynəlxalq təşkilat və 57 ölkəni təmsil edən 503 beynəlxalq müşahidəçi də qatılıb. Dünyanın nüfuzlu 27 beynəlxalq kütləvi informasiya vasitələrindən 42 beynəlxalq KİV təmsilçisi də MSK tərəfindən müvafiq lövhəciklə təmin edilib və sərbəst şəkildə seçkiləri işıqlandırıblar. Namizədlərin qeydiyyatı mərhələsi seçkilər elan olunduğu gündən başlayıb və oktyabrın 9-dək davam edib. Müraciət edən 1823 nəfərdən namizədlikləri təsdiq olunanlardan 1805-i imza vərəqələri götürərək imza toplayıb.
Namizədlik üçün müraciət edən şəxslərdən 572 nəfəri 15 siyasi partiyanın, 62-si 7 partiyadan ibarət siyasi partiyalar blokunun, 3-ü seçicilərin təşəbbüs qrupunun təmsilçiləri olub, 1186 nəfər isə öz namizədliyini fərdi qaydada irəli sürüb. Ümumilikdə 1753 iddiaçı imza vərəqi götürüb və onlardan yalnız 1457-si imza toplayaraq imza vərəqələrini qanunvericilikdə nəzərdə tutulmuş digər sənədlərlə birlikdə dairə seçki komissiyalarına təqdim edib. İmza vərəqələrini geri qaytarmış bu iddiaçılardan 1246-sı namizəd qismində qeydə alınıb. Qeydə alınmış namizədlərdən 278-nin namizədliyi 15 siyasi partiya tərəfindən, 20-si 7 siyasi partiyadan ibarət blok tərəfindən, 2-si seçicilərin təşəbbüs qrupu tərəfindən, 946 nəfərinin namizədliyi isə fərdi qaydada irəli irəli sürülüb. Qeydə alınan namizədlər arasında ümumilikdə 24 siyasi partiyanın 330 təmsilçisi olmuşdur. Seçkiqabağı təşviqat üçün ödənişli efir vaxtı təklif etmiş 45 KİV tərəfindən namizədlərə təklif olunan qiymətlər MSK-ya təqdim olunub, bu məlumatlar namizədlərin tanış olması üçün komissiyanın internet səhifəsində yerləşdirilib və bütün namizədlər üçün şərtlərin bərabərliyi prinsipi daim nəzarətdə saxlanılıb.
Oktyabrın 14-dən etibarən namizədlərin qeydə alınması mərhələsi tamamilə başa çatmış seçki dairələri üzrə seçki bülletenlərinin çapına başlanılıb və ümumilikdə 5344431 seçki bülleteni beynəlxalq və xarici qurumların, habelə kütləvi informasiya vasitələrinin nümayəndələrinin də iştirakı üçün yaradılmış hərtərəfli şəraitdə qanunvericilikdə nəzərdə tutulmuş müddətdə və qaydada vaxtında çap olunaraq, oktyabrın 22-dən etibarən səsvermənin nəticələrinə dair dairə və məntəqə seçki komissiyalarının yekun protokolları ilə birlikdə dairə seçki komissiyalarına, dairə seçki komissiyalarından isə məntəqə seçki komissiyalarına paylanılıb. Seçki Məcəlləsinin tələbinə uyğun olaraq, exit-poll keçirmək məqsədi ilə “ELS” Müstəqil Araşdırmalar Mərkəzi, Azərbaycan Gənclərinin Hüquqlarının Müdafiəsi Mərkəzi (“Opinion Way” Sosioloji Tədqiqatlar İnstitutu (Fransa) ilə birgə), Vətəndaşların Əmək Hüquqlarının Müdafiə Liqası (“AJF&Associates İnc.” təşkilatı (Amerika Birləşmiş Ştatları) ilə birgə) və “Rəy” Monitorinq Mərkəzi MSK-ya müraciət edib və bütün müraciətlər Komissiya üzvlərinin müzakirəsindən sonra müsbət qarşılanaraq, həmin təşkilatlar qeydiyyatdan keçirilib. Seçki günü sözügedən təşkilatlar tərəfindən exit-poll həyata keçirilib və “exit-poll”ların nəticələri MSK-nın rəsmi nəticələri ilə demək olar ki, üst-üstə düşüb. Hərəkət qabiliyyətində məhdudiyyətlər olan seçicilərin sərbəst şəkildə seçki məntəqəsinə gələrək səs vermələri üçün 999 məntəqədə daşına bilən panduslar quraşdırılıb və beləliklə, bütün seçki məntəqələri hərəkət qabiliyyətində məhdudiyyətlər olan seçicilər üçün əlverişli hala gətirilib. Seçki günü - noyabrın 1-də saat 8:00-da bütün ölkə üzrə səsvermə başlanıb və seçicilər seçki məntəqələrinə gedərək sərbəst şəkildə öz iradələrini ifadə ediblər.