Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının (MSK) 2 avqust 2013-cü il tarixli 8/64 saylı qərarı ilə Azərbaycan Respublikası Prezidentinin seçkiləri 9 oktyabr 2013-cü ilə təyin edilmiş və seçkilərin hazırlanıb keçirilməsi ilə bağlı bütün fəaliyyət “Azərbaycan Respublikası Prezidentinin seçkilərinin hazırlanıb keçirilməsi üzrə əsas hərəkət və tədbirlərin Təqvim planı”na əsasən həyata keçirilmişdir. 2013-cü il oktyabrın 9-da keçirilmiş Azərbaycan Respublikası Prezidentinin seçkiləri elan olunduqdan sonra seçkilərdə namizəd qismində iştirak etmək niyyətində olan şəxslər həm siyasi partiyaların təşəbbüsü ilə, həm də öz təşəbbüsləri ilə müvafiq sənədlərlə birgə Mərkəzi Seçki Komissiyasına müraciət etmişlər. Sentyabrın 1-dək 22 iddiaçı namizədliklərinin irəli sürülməsinin təsdiq olunması üçün tələb olunan müvafiq sənədləri Mərkəzi Seçki Komissiyasına təqdim etmiş və onlardan 21-nin namizədliyinin irəli sürülməsi təsdiq edilmişdir. Bir nəfərin isə namizədliyinin irəli sürülməsinin təsdiq edilməsi, əsasların mövcud olmaması səbəbindən qeyri-mümkün olmuşdur.
Namizədliyinin irəli sürülməsi təsdiq olunmuş 21 nəfərdən 7-si imza vərəqələrini geri qaytarmamış, imza vərəqələrini və ona əlavə olunmuş sənədləri geri qaytarmış 14 nəfərdən 10-nun namizədliyi qeydə alınmışdır. 4 nəfərin namizədliyi isə təqdim edilmiş imza vərəqələrində olan etibarlı imzaların sayı namizədin qeydə alınması üçün qanunda nəzərdə tutulmuş saydan az olduğuna görə namizədliyin qeydə alınması mümkün olmamışdır. Sentyabrın 16-dan etibarən qeydə alınmış prezidentliyə namizədlərin seçkiqabağı təşviqat kampaniyasına start verilmişdir. Namizədlər televiziya və radiodan (həftəlik 6 saat olmaqla) və mətbuat vasitələrindən (“Azərbaycan”, “Respublika”, “Xalq qəzeti” və “Bakinski raboçi” qəzetlərindən) ödənişsiz dərc üçün yerdən istifadə etməklə öz seçkiqabağı platformalarını seçicilərə çatdırmışdırlar. Bundan əlavə namizədlərin ödənişli əsaslarla və bərabər şərtlərlə digər kütləvi informasiya vasitələrindən də istifadəsi üçün imkanlar yaradılmışdır.
Keçirilmiş Prezident seçkilərində ölkə hüdudlarından kənarda yerləşən Azərbaycan Respublikasının səfirlik, konsulluq və diplomatik nümayəndəliklərində 38 seçki məntəqəsi yaradılmaqla xarici ölkələrdə yaşayan həmyerlilərimizin səsvermə hüquqları təmin olunmuşdur. Azərbaycan Respublikası Prezidentinin seçkilərini izləmək üçün ümumilikdə 51898 yerli müşahidəçi qeydiyyatdan keçmişdir. Bütün respublika ərazisində müşahidə aparmaq niyyəti ilə MSK tərəfindən qeydiyyatdan keçirilmiş 6030 yerli müşahidəçidən 1381 nəfəri siyasi partiyaların, 3201 nəfəri qeyri-hökumət təşkilatlarının, 235 nəfəri qeydə alınmış namizədlərin, 1211 nəfəri isə öz təşəbbüsü ilə seçkilərə qatılmışdır. Yerli müşahidəçilərin digər bir qrupu isə müəyyən seçki dairəsi hüdudları daxilində müşahidə aparmaq üçün müvafiq DSK-lar tərəfindən akkreditə olunmuşdur. Bu qəbildən olan müşahidəçilərin sayı 45868 olmuşdur ki, bunlardan da 19149 nəfəri siyasi partiyaların, 1830 nəfəri QHT-lərin, 24889 nəfəri isə öz təşəbbüsü ilə və ya qeydə alınmış namizədlərin təşəbbüsü ilə seçkiləri müşahidə prosesinə qatılmışlar.
Müşahidə prosesinə 50 beynəlxalq təşkilat və 100 ölkəni təmsil edən 1295 beynəlxalq müşahidəçi də qatılmışdır. Dünyanın nüfuzlu 34 kütləvi informasiya vasitələrindən 102 beynəlxalq KİV təmsilçisi MSK tərəfindən müvafiq lövhəciklə təmin edilmiş və sərbəst şəkildə seçkiləri işıqlandırmışlar. Seçki Məcəlləsinin tələbinə uyğun olaraq exit-poll keçirmək məqsədi ilə “ELS” Müstəqil Araşdırmalar Mərkəzi, “Rəy” Monitorinq Mərkəzi, “Proqnoz” Müstəqil Sosioloji Tədqiqatlar Mərkəzi və “Konstitusiya” Araşdırmalar Fondu MSK-ya müraciət etmiş və qeydiyyatdan keçirilmiş və seçki günü sözügedən təşkilatlar tərəfindən exit-poll həyata keçirilməsinə lazımi şərait yaradılmışdır. Mərkəzi Seçki Komissiyasında fəaliyyət göstərən 115 nömrəli və elektron qaynar xəttə sentyabr-oktyabr ayları ərzində 500-dən artıq müraciət daxil olmuşdur. Müraciətlərin əksəriyyətini seçicilər tərəfindən seçici siyahıları, səsvermə prosedurları, seçki məntəqələrinin yerləşdiyi ünvan və s. kimi mövzularla bağlı sorğular təşkil etmişdir. Daxil olmuş müraciətlər dərhal cavablandırılmış və operativ şəkildə müvafiq addımlar atılmışdır.
Seçki günü – oktyabrın 9-da saat 8:00-da bütün ölkə üzrə səsvermə başlanmış və seçicilər seçki məntəqələrinə gedərək sərbəst şəkildə öz iradələrini ifadə etmişdirlər. Ümumiyyətlə, bütün seçki müddətində MSK-ya 19 şikayət daxil olmuş və bütün şikayətlərə dərhal reaksiya verilərək Ekspert qrupu üzvləri tərəfindən ətraflı şəkildə araşdırılmış, Komissiyanın iclaslarına çıxarılaraq müvafiq qərarlar qəbul edilmişdir. Daxil olmuş müraciətlərin araşdırılması nəticəsində MSK-nın qərarları ilə müraciətlərin 3-ü təmin edilmiş, 5-i qismən təmin edilmiş, 7-si əsassız olduğundan təmin edilməmiş, 2-si nəzərdə tutulmuş şikayətvermə müddətinin ötürülməsi ilə daxil olduğundan ərizəçiyə geri qaytarılmış, 1-i ərizəçi tərəfindən geri götürüldüyü üçün müraciətin baxılmasına xitam verilmiş, 1-i aidiyyatı üzrə araşdırılmaq üçün DSK-ya göndərilmişdir. Oktyabrın 17-də MSK-nın iclasında “Səsvermənin nəticələri haqqında Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının Protokolu” təsdiq edilmiş və lazımi sənədlərlə birlikdə Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə göndərilməsi barədə qərar qəbul olunmuşdur. Konstitusiya Məhkəməsinin Plenumunun oktyabrın 19-da keçirilmiş iclasında 2013-cü il oktyabrın 9-da keçirilmiş Azərbaycan Respublikası Prezidentinin seçkilərinin nəticələri rəsmi olaraq təsdiq edilmişdir.