Azərbaycan Respublikasının Konstitusiyasına əsasən Qanunvericilik təşəbbüsü hüququ Azərbaycan Respublikası Prezidentinin, Azərbaycan Respublikası Ali Məhkəməsinin, Azərbaycan Respublikasının seçki hüququ olan 40 min vətəndaşının, Azərbaycan Respublikası Prokurorluğunun və Naxçıvan Muxtar Respublikası Ali Məclisinin qanunvericilik təşəbbüsü qaydasında Azərbaycan Respublikası Milli Məclisinin müzakirəsinə verdiyi qanun və ya qərar layihələri müzakirəyə təqdim olunmuş şəkildə çıxarılır və səsə qoyulur. Qanunvericilik təşəbbüsü qaydasında Azərbaycan Respublikası Prezidentinin, Azərbaycan Respublikası Ali Məhkəməsinin, Azərbaycan Respublikasının seçki hüququ olan 40 min vətəndaşının Azərbaycan Respublikası Prokurorluğunun və ya Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Azərbaycan Respublikası Milli Məclisinə təqdim etdiyi qanun və ya qərar layihələri iki ay ərzində səsə qoyulur.

Azərbaycan Respublikasının seçki hüququ olan 40 min vətəndaşının qanunvericilik təşəbbüsü hüququndan istifadə etməsi qaydası qanunla müəyyən edilir. 18 iyul 2016-cı ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında” Referendum Aktının layihəsinin Konstitusiya Məhkəməsinə göndərilməsi barədə sərəncam imzalamışdır. Azərbaycan Respublikasının Prezidentinin sərəncaməna əsasən bu sənəd Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə rəy verilməsi üçün təqdim edilmişdir. 25 iyul 2016-cı ildə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu Referendum Aktının layihəsinə baxmış və bunun nəticəsində Referendum Aktının Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğu barədə rəy verilmişdir. Azərbaycan Respublikası Prezidentinin 26 iyul 2016-cı il tarixli sərəncamı ilə Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi məqsədi ilə Referendum 2016-cı il sentyabr ayının 26-na təyin edilmişdir.

Referendumun təyin olunması əsasında, 26 iyul 2016-cı ildən başlayaraq MDB PAA DİMBİ Bakı filialı keçiriləcək Referendumla bağlı uzunmüddətli monitorinqlərin aparılmasına başlamışdır. 26 iyul 2016-cı ildən etibarən filial tərəfindən referendum üzrə seçki komissiyalarının, KİV-in və digər tərəflərin fəaliyyəti öyrənilmiş və təhlil olunmuşdur. MDB PAA DİMBİ əməkdaşları birinci olaraq Azərbaycan Respublikasının bütün ərazisi üzrə Referendumun keçirilməsinin müşahidəsi üçün Mərkəzi Seçki Komissiyasında qeydiyyatdan keçmişlər. Referendum təyin olunduqdan sonra, MDB PAA DİMBİ Bakı filialı Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi məqsədi ilə 2016-cı il sentyabrın 26-na təyin edilmiş ümumxalq səsverməsinin (referendumun) hazırlanıb keçirilməsi üzrə əsas hərəkət və tədbirlərin təqvim planına uyğun olaraq aşağıdakı istiqamətlərdə monitorinq və araşdırmalar aparmışdır:

 MSK, DSK və MnSK-nın fəaliyyətinin monitorinqi;
 Seçici siyahıları barədə məlumat;
 KİV-in monitorinqi (“Azərbaycan Respublikasının Konstitusiyasına dəyişikliklərlə bağlı” referendum haqqında materiallar, seçki komissiyaları, referendum haqqında analitik məqalələr və s.);
 Təşəbbüş qruplarının imza toplamalarının monitorinqi;
 “Azərbaycan Respublikasının Konstitusiyasına dəyişikliklərlə bağlı” referendumda təşviqat qruplarının təşviqat fəaliyyətinin monitorinqi;
 MSK və DSK yerli və beynəlxalq müşahidəçilərin qeydiyyatının monitorinqi.

Aparılan monitorinqlər təsdiq etmişdir ki, monitorinq dövründə:
 KİV səhifələrində referendumun təşkili və keçirilməsi, onun mahiyyəti, uyğun təcrübəyə və maarifləndirici məlumatlara geniş yer ayrılmışdır;
 Seçki komissiyaları öz fəaliyyətini açıqlıq və aşkarlıq prinsipinə uyğun quraraq müvafiq seçki prosedurlarının vaxtlı-vaxtında həyata keçirilməsini təmin etmiş, seçki qanunvericiliyinə uyğun olaraq yerli və beynəlxalq müşahidəçilərin qeydiyyatı təmin edilmişdir;
 Təşviqat dövründə təşviqat qrupları vətəndaşlarla birbaşa görüşlər, yığıncaqlar keçirmiş, konstitusiyaya dəyişikliklərlə bağlı vətəndaşlara bilgilər vermişlər.

Monitorinq dövründə hər-hansı münaqişəyə rast gəlinməmiş, bütün işlər referendumun təşkili və keçirilməsi ilə bağlı təsdiq edilən təqvim planına uyğun həyata keçirilmişdir. Bütün bunlar təsdiq etmişdir ki, referendumun təşkili və ona hazırlıq Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının təsdiq etdiyi təqvim planına uyğun olaraq aparılmış və hər bir referendum iştirakçısına bərabər imkanlar yaradılmışdır.