2016-cı il sentyabrın 26-da Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi məqsədilə ümumxalq səsverməsi (referendum) keçirilib. Referendum rəsmən elan olunduqdan sonra – iyulun 27-də Mərkəzi Seçki Komissiyasının qərarı ilə Təqvim Planı təsdiq edilib və nəzərdə tutulan bütün layihələr və tədbirlər Təqvim Planına uyğun reallaşdırılıb. Ümumxalq səsverməsi elan edildikdən sonra referendum üzrə təşviqat qrupu yaratmaq niyyətində olan vətəndaşlar qanunvericilikdə nəzərdə tutulmuş müddətdə və qaydada təşəbbüsçülərin iştirakı ilə öz yığıncaqlarını keçirərək təşviqat qrupunun yaradılması barədə bildirişlə MSK-ya müraciət ediblər. Ümumilikdə 5 təşəbbüs qrupu ("Yeni Azərbaycan”, "Vətəndaş Cəmiyyəti”, "Bələdiyyə”, "Respublika” və "Respublikaçı-Alternativ”) referenduma qoşulmaq barədə niyyətini elan edib və bütün qruplara qeydiyyat üçün imza toplanılması məqsədilə imza vərəqələri verilib. "Respublikaçı-Alternativ” təşəbbüs qrupu imza vərəqləri də daxil olmaqla, qeydiyyat üçün tələb olunan heç bir sənədi Komissiyaya geri qaytarmayıb. "Respublika” təşviqat qrupu isə lazım olan sayda etibarlı imza təqdim edə bilmədiyi üçün qeydə alınması mümkün olmayıb. Yekunda üç təşviqat qrupu ("Yeni Azərbaycan”, "Vətəndaş Cəmiyyəti”, "Bələdiyyə”) MSK tərəfindən qeydə alınaraq, referendum prosesində iştirak etmək hüququ əldə edib.

Qeydiyyat mərhələsi başa çatdıqdan sonra referendumqabağı təşviqat mərhələsi başlanıb. Bütün seçki dairələrinin ərazilərini əhatə edən və seçicilərlə azad şəkildə görüşmək imkanları verən, habelə siyasi və digər mənsubiyyətindən asılı olmayaraq bütün tərəflər üçün ödənişsiz olan 256 (128-i açıq, 128-i qapalı) yer ayrılıb, hər seçki məntəqəsinin ərazisində çap materiallarının yerləşdirilməsi üçün çoxsaylı böyük ölçülü təşviqat lövhələri yerləşdirilib. Avqustun 8-dən etibarən səsvermə bülletenlərinin çapına başlanılıb və ümumilikdə 5280924 səsvermə bülleteni qanunvericilikdə nəzərdə tutulmuş müddətdə və qaydada vaxtında çap olunaraq dairə seçki komissiyalarına, ordan isə məntəqə seçki komissiyalarına təqdim olunub.

Ümumxalq səsverməsi (referendum) ilə əlaqədar Seçki Məcəlləsinin tələblərinə uyğun olaraq, Azərbaycan Respublikasının hüdudlarından kənarda yaşayan Azərbaycan vətəndaşlarının səsvermə hüquqlarının təmin olunması üçün xarici ölkələrdə yerləşən diplomatik nümayəndəliklərdə və konsul idarələrində ümumilikdə 38 seçki məntəqəsi yaradılıb. Ölkə ərazisində yerləşən digər seçki məntəqələri kimi, həmin məntəqələr də MSK-nın Xarici İşlər Nazirliyi ilə işgüzar əməkdaşlığı nəticəsində zəruri referendum sənədləri və digər avadanlıqlarla təchiz olunaraq səsvermə gününə tam hazır vəziyyətə gətiriliblər.

Seçici siyahıları da daxil olmaqla seçki məsələlərilə əlaqədar fəaliyyət göstərən 115 nömrəli qaynar xəttə və elektron qaynar xətlərə ümumxalq səsverməsi elan olunduğu gündən proseslərə tam yekun vurulanadək ümumilikdə 551 müraciət daxil olub və bütün müraciətlərə MSK tərəfindən operativ reaksiya verilərək lazımi tədbirlər görülüb. Daxil olan müraciətlər, əsasən seçici siyahılarında seçicilərin məlumatlarının yoxlanması, lazımi hallarda düzəlişlər edilməsi, hüquqi məsələlər və s. barədə olub.

Referendumu izləmək üçün ümumilikdə 53531 yerli müşahidəçi qeydiyyatdan keçib. Bütün respublika ərazisində müşahidə aparmaq niyyəti ilə MSK tərəfindən qeydiyyatdan keçirilmiş 1097 yerli müşahidəçidən 784 nəfəri qeyri-hökumət təşkilatlarının, 111 nəfəri referendum üzrə təşviqat qruplarının təşəbbüsü əsasında, 200 nəfəri öz təşəbbüsü ilə referenduma qatılıb, 2 nəfər isə xüsusi icazə alaraq MSK-nın iclaslarında iştirak etmək hüququ əldə edib. Yerli müşahidəçilərin digər bir qrupu isə müəyyən seçki dairəsi hüdudları daxilində müşahidə aparmaq üçün müvafiq DSK-lar tərəfindən akkreditə olunub.

Bu qəbildən olan müşahidəçilərin sayı isə 52434 olub ki, bunlardan da 2695 nəfəri siyasi partiyaların, 1046 nəfəri QHT-lərin, 14718 nəfəri referendum üzrə təşviqat qruplarının təşəbbüsü əsasında, 33975 nəfəri isə öz təşəbbüsləri ilə referendumun müşahidəsi prosesinə qatılıblar. Müşahidə prosesinə 18 beynəlxalq təşkilat və 33 ölkəni təmsil edən 117 beynəlxalq müşahidəçi də qatılıb. Həm yerli, həm də beynəlxalq müşahidəçilər müvafiq lövhəciklərlə təmin olunub. Referendumun izlənməsinə həmçinin, heç bir qeydiyyat tələb olunmadan ölkə ərazisində fəaliyyət göstərən KİV-lərlə yanaşı, 16 beynəlxalq KİV təmsilçisi də qatılıb və dünya ictimaiyyətinin referendumla bağlı məlumatlandırımasında mühüm rol oynayıb. Seçki Məcəlləsinin tələbinə uyğun olaraq, exit-poll keçirmək məqsədi ilə Vətəndaşların Əmək Hüquqlarının Müdafiə Liqası (ABŞ-dan olan "AJF&Associates İnc.” təşkilatı ilə birgə), Vətəndaş Cəmiyyəti Uğrunda Müstəqil Məsləhət və Yardım Mərkəzi (Fransadan olan "Opinion Way” Sosioloji Tədqiqatlar İnstitutu ilə birgə), "ELS” Müstəqil Araşdırmalar Mərkəzi və "Rəy” Monitorinq Mərkəzi MSK-ya müraciət edib və bütün müraciətlər Komissiya üzvlərinin müzakirəsindən sonra müsbət qarşılanaraq, həmin təşkilatlar qeydiyyatdan keçirilib.

Azərbaycanın seçki tarixində 2008-ci ildən başlayaraq tətbiq olunan və internet vasitəsilə səsvermə prosesini canlı izləmə imkanı verən veb-kameralardan istifadə təcrübəsi referendumda da davam etdirilib. Ümumxalq səsverməsində şəffaflığın təmin olunması üçün bütün digər vasitələrlə yanaşı, işğal olunmuş ərazilər istisna olmaqla, bütün ölkə coğrafiyasını əhatə edən 1000 seçki məntəqəsində (referendum keçirilən məntəqələrin təqribən 20%-də) veb-kamera quraşdırılıb. Referendum günü dünyanın müxtəlif ölkələrindən və yerlərindən vebkameralar vasitəsilə 115000-dən çox baxış olub. Səsvermə günü - sentyabrın 26-da saat 8:00-da bütün ölkə üzrə səsvermə başlanıb və seçicilər seçki məntəqələrinə gedərək sərbəst şəkildə öz iradələrini ifadə ediblər. 2016-cı il oktyabrın 11-də Mərkəzi Seçki Komissiyasının iclasında ümumxalq səsverməsinə yekun vurulub, səsvermənin ümumi yekunlarına dair MSK-nın protokolu tərtib olunub və Komissiya üzvləri tərəfindən imzalanaraq təsdiqlənib.