MDB PAA DİMBİ Bakı filialının 23 dekabr 2013-cü il Azərbaycan Respublikasında Bələdiyyə seçkiləri ilə bağlı apardığı uzunmüddətli monitorinq seçki prosesi başlanmazdan öncədən başlanmış və səsvermə günündən sonrakı günədək – yəni 24 dekabr 2014-cü ilədək davam etmişdir. Bu dövrdə seçki komissiyalarının fəaliyyəti, namizədlərin imza toplaması və qeydiyyatı, seçkilərin təşkili və keçirilməsində müxtəlif orqanların fəaliyyəti, müşahidəçilərin qeydiyyatı, təbliğat-təşviqat kampaniyasının gedişi, səsvermənin gedişi barədə statistik məlumatlar və s. öz əksini tapmışdır. Monitorinqlər əyani şəkildə və KİV vasitəsilə həyata keçirilmişdir. Monitorinqlər gedişində məlumatların xronoloji toplanması, statistik şəkildə işlənməsi və analitik şərhi həyata keçirilmişdir. MDB PAA DİMBİ Bakı filialının bütün əməkdaşları MSK-dan qeydiyyatdan keçməklə ölkə miqyasında seçkiləri müşahidə hüququ qazanmışlar.

Səsvermə günü filialın bütün əməkdaşları ölkənin müxtəlif seçki dairələrinin ərazisində olan məntəqələrdə olmuş və səsvermənin təşkili və gedişini izləmişlər. Ümumilikdə əməkdaşlar 30-dan çox məntəqələrdə səsvermənin gedişini izləmişlər. Seçkilərdə 4 mln. 819 min 382 seçicinin səsvermə hüququ olmuşdur. Onlardan 1 mln. 876 min 14 nəfər səsvermədə iştirak etmişdir. Bu rəqəm səsvermə günündə Azərbaycan Respublikası üzrə səsvermə hüququ olan seçicilərin 38,93%ni təşkil edir. Bakı filialının 23 dekabr 2014-cü il Bələdiyyə seçkiləri ilə əlaqədar apardığı uzunmüddətli monitorinq nəticəsində qeyd etmək olar ki, Bələdiyyə seçkilərinə hazırlıq dövründə və səsvermə zamanı seçki komissiyalarının fəaliyyətində ciddi qanun pozuntuları müşahidə edilməmişdir. Dairə və məntəqə seçki komissiyaları bütün zəruri avadanlıqla təmin olunmuş, onların normal fəaliyyəti üçün bütün zəruri addımlar atılmış və əlverişli şərait yaradılmışdır. Seçki komissiyaları şəffaf, demokratik, azad, ədalətli seçkilərin keçirilməsi vəzifəsinin öhdəsindən gəlmək imkanına malik olmuşlar.

Bələdiyyə seçkilərinə hazırlıq və seçkilərin keçirilməsi üzrə digər dövlət orqanlarının fəaliyyəti qənaətbəxş sayıla bilər. Onlar seçici siyahılarının dəqiqləşdirilməsini, həmçinin ilk dəfə səs verən aktiv seçki hüququna malik şəxslərin şəxsiyyət vəsiqələri ilə təmin edilməsi, o cümlədən istifadə müddəti bitmiş şəxsiyyət vəsiqələrinin operativ yenilənməsini təşkil etmişlər. Bələdiyyə seçkilərinin keçirilməsi zamanı təhlükəsizliyin təmin edilməsi məqsədilə müvafiq tədbirlər planı qəbul edilmişdir. MDB PAA DİMBİ Bakı filialının 23 dekabr 2014-cü il Bələdiyyə seçkiləri ilə əlaqədar 12 istiqamətdə həyata keçirdiyi monitorinqlər nəticəsində bu qənaətə gəlmək olar ki, Seçkilərin təqvim planına uyğun olaraq bütün seçki hərəkətləri vaxtlı-vaxtında və qanuna müvafiq şəkildə icra edilmişdir. Aparılan monitorinqlərə əsasən qeyd etmək olar ki, bələdiyyə seçkiləri ədalətli, şəffaf və demokratik bir şəraitdə keçirilmiş və bütün seçki iştirakçıları üçün bərabər imkanlar yaradılmışdır.