Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının (MSK) 21 oktyabr 2014-cü il tarixli iclasında bələdiyyə seçkilərinin təyin edilməsi barədə Komissiyanın 4/25 saylı qərarı ilə növbəti bələdiyyə seçkilərinin 2014-cü il dekabrın 23-də keçirilməsi qərara alınmışdı. Seçkilər təyin olunduqdan sonra “Bələdiyyə seçkilərinin hazırlanıb keçirilməsi üzrə əsas hərəkət və tədbirlərin Təqvim planı” təsdiq edilib və seçkilərin hazırlanması və keçirilməsi ilə bağlı bütün layihələr və addımlar Təqvim planına uyğun olaraq reallaşdırılıb.
Ölkə ərazisində mövcud olan 1607 bələdiyyəyə 15035 üzv seçilməsi ilə nəticələnməli olan seçkilərin azad və ədalətli şəkildə keçirilməsi üçün MSK ilin əvvəllərindən may ayının sonunadək seçici siyahılarının dəqiqləşdirilməsi prosesini həyata keçirib.
“Azərbaycan Respublikasında bələdiyyələrin birləşməsi yolu ilə yeni bələdiyyələrin yaradılması haqqında” Azərbaycan Respublikasının 30 may 2014- cü il tarixli Qanunu ilə 28 seçki dairəsi üzrə 110 bələdiyyə ləğv olunub və respublika üzrə bələdiyyələrin sayının 1607 olduğu müəyyənləşdirilib. Seçicilər üçün maksimum əlverişli şərait yaradılmasının zəruriliyi, yerli və digər şəraitin münasibliyi, seçki dairələrinin sərhədlərinin pozulmasının yolverilməzliyi və seçicilərin sayının qanunvericiliklə müəyyən olunmuş normalara uyğunluğuna dair Seçki Məcəlləsinin tələblərinə əməl etməklə 113 yeni seçki məntəqəsi yaradılıb.
Bələdiyyə seçkiləri elan olunduqdan sonra oktyabrın 22-dən başlayaraq seçkilərdə namizəd qismində iştirak etmək niyyətində olan vətəndaşlar dairə seçki komissiyalarına müraciət edib və lazımi sənədləri təqdim etdikdən sonra onlara imza vərəqələri təqdim olunub. Ümumilikdə bələdiyyələr üzrə 15035 yer üçün 37917 iddiaçı imza vərəqi götürüb və onlardan 37564 nəfəri imza vərəqələrini digər sənədlərlə birlikdə dairə seçki komissiyalarına qaytarıb. İmza vərəqələrini geri qaytarmış bu iddiaçılardan 14029 nəfəri 8 siyasi partiyanın təmsilçiləri, 23421 nəfəri fərdi qaydada, 114 nəfəri isə təşəbbüs qrupları tərəfindən irəli sürülənlər olub.
Namizədlərin qeydiyyatı prosesi 29 noyabradək davam edib və 37564 iddiaçıdan imza vərəqələrini və qanunvericilikdə nəzərdə tutulmuş digər sənədləri müvafiq qaydada geri qaytarmış 37346 vətəndaşın namizədliyi bələdiyyə üzvlüyünə qeydə alınıb. Yaşayış yerinin dəyişməsi və digər bu kimi səbəblərdən 368 nəfər namizədliyini geri götürüb və sonda 37077 namizədin adı bələdiyyələr üzrə seçki bülletenlərinə daxil edilib. Bu namizədlərin 13907-nin namizədliyi 8 siyasi partiya tərəfindən, 109-u təşəbbüs qrupu tərəfindən irəli sürülüb, 23061 nəfər isə öz namizədliklərini fərdi qaydada irəli sürüblər. Qeydə alınan namizədlər arasında ümumilikdə 30 siyasi partiyanın təmsilçiləri olub. Namizədlərin qeydiyyatı mərhələsi başa çatdıqdan sonra seçkiqabağı təşviqat mərhələsi başlanıb. Azərbaycan Respublikası Seçki Məcəlləsinin tələblərinə uyğun olaraq yerli icra strukturlarının köməkliyi ilə açıq və qapalı yerlər ayrılaraq namizədlərin ixtiyarına verilib. Bu qəbildən olan yerlərin sayı 2837 (1436 qapalı, 1401 açıq) olub. Seçki bülletenlərinin forması və sayı MSK tərəfindən təsdiq edilib, namizədlərin qeydə alınması mərhələsi tamamilə başa çatdıqdan sonra seçki bülletenlərinin çapına başlanılıb və 1607 bələdiyyə üzrə 4976302 seçki bülleteni çap olunaraq dairə seçki komissiyalarına təqdim olunub.
Bələdiyyə seçkilərini izləmək üçün ümumilikdə 50551 yerli müşahidəçi qeydiyyatdan keçib. Bütün respublika ərazisində müşahidə aparmaq niyyətində olan vətəndaşlar MSK-ya, müvafiq seçki dairəsinin hüdudları daxilində müşahidə aparmaq niyyətində olanlar isə dairə seçki komissiyalarına müraciət edərək akkreditasiya olunub və müvafiq lövhəcik əldə ediblər. Qeydiyyatdan keçmiş müşahidəçilərin ümumilikdə 26857-si 21 siyasi partiyanın, 571-i 19 qeyri-hökumət təşkilatının, 2325-i qeydə alınmış namizədlərin təmsilçiləri olub, 20798 nəfər isə öz təşəbbüsü ilə seçkilərin müşahidəsinə qatılıb və seçki günü prosesləri əvvəldən axıradək sərbəst və maneəsiz şəkildə izləyiblər. Seçki Məcəlləsinin tələbinə uyğun olaraq exit-poll keçirmək məqsədi ilə “ELS” Müstəqil Araşdırmalar Mərkəzi MSK-ya müraciət edib və qeydə alınıb. MSK-nın avtomatlaşdırılmış telefon və elektron qaynar xətlərinə oktyabrdekabr ayları ərzində 700-ə yaxın müraciət daxil olub. Müraciətlərin əksəriyyətini seçicilər tərəfindən seçici siyahıları, səsvermə prosedurları, seçki məntəqələrinin yerləşdiyi ünvan və s. kimi mövzularla bağlı sorğular, eləcə də digər hüquqi məsələlər təşkil edib. Daxil olmuş müraciətlər dərhal cavablandırılıb və operativ şəkildə müvafiq addımlar atılıb.
Seçkilər təyin ediləndən səsvermə gününə kimi Mərkəzi Seçki Komissiyasına ümumilikdə 17 müraciət daxil olub. Bu müraciətlərə baxılarkən əsaslandırılması mümkün olan 12 müraciət təmin edilib və bələdiyyə üzvlüyünə 11 nəfərin namizədliyi MSK tərəfindən qeydə alınıb. Səsvermə günündən sonra Mərkəzi Seçki Komissiyasına daxil olmuş 79 müraciət də MSK və DSK-lar səviyyəsində operativ şəkildə araşdırıldıqdan və iclaslarda baxıldıqdan sonra müvafiq qərarlar qəbul edilib. Ümumiyyətlə bələdiyyə seçkiləri dövründə daxil olmuş 96 müraciət 1607 bələdiyyənin 65-ni və seçki dairələrinin 40-nı əhatə edib. 2015-ci il yanvarın 12-də keçirilmiş və beynəlxalq təşkilatların, xarici qurumların və kütləvi informasiya vasitələrinin nümayəndələrinin də iştirak etdiyi bələdiyyə seçkiləri ilə əlaqədar MSK-nın yekun iclasında 43 seçki məntəqəsində səsvermənin nəticələrinin ləğv edilməsi, 8 bələdiyyə üzrə seçkilərin etibarsız sayılması, seçkilərin ümumi yekunları rəsmi təsdiq edilən bütün 1599 bələdiyyə üzrə bələdiyyə üzvlərinin tam tərkibdə formalaşmasının nəzərə alınması və bələdiyyələr üzrə seçilmiş üzvlərin siyahısının elan edilməsi barədə qərar qəbul edilib.