2018-ci ilin aprel ayının 11-nə təyin edilmiş Azərbaycan Respublikası Prezidentinin seçkiləri ilə əlaqədar bütün fəaliyyət Azərbaycan Respublikasının Seçki Məcəlləsinin tələbləri əsas götürülməklə, Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyası tərəfindən təsdiq edilmiş növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərinin hazırlanıb keçirilməsi üzrə əsas hərəkət və tədbirlərin Təqvim Planına uyğun ardıcıl, sistemli və mütəşəkkil qaydada gerçəkləşdirilmişdir.
Azərbaycan Respublikasının Seçki Məcəlləsində nəzərdə tutulduğu kimi, 2018-ci il yanvar ayının əvvəllərindən etibarən ölkə üzrə vahid seçicilər siyahısının dəqiqləşdirilməsinə start verilmişdir. İlk növbədə məntəqə seçki komissiyalarının üzvləri öz məntəqələrinin seçicilər siyahısını dəqiqləşdirmişlər. Sonradan bu məlumatlar dairə seçki komissiyalarına ötürülmüş və onlar da öz növbəsində məntəqə seçki komissiyalarından daxil olmuş seçici siyahılarını yoxlayaraq, əlaqədar qurumlardan daxil olmuş statistik göstəricilərlə bir daha təhlil etmişlər. Növbəti mərhələdə MSK seçicilərin daxil olduğu məlumat bazasını toplayaraq siyahılarda olan mümkün təkrar və qeyri-dəqiqlikləri seçicilərin məlumatlarının keyfiyyət və say təhlili üçün xüsusi proqram vasitəsilə yoxlamış və sonra seçici siyahılarının dürüst variantını DSK-lara təqdim etmişdir. Seçici siyahılarının son nüsxəsi MSK-nın internet səhifəsində yerləşdirilmişdir. Siyahıların dəqiqləşdirilməsində Azərbaycan seçicilərinin də maraqlı olması və aktiv iştirakı, dəqiqləşdirmə prosesi boyunca televiziya və radio kanallarında MSK tərəfindən hazırlanmış seçicilər siyahısında adın yoxlanılması ilə bağlı video və audio kliplərin yayımlanması, həmçinin Mərkəzi Seçki Komissiyasının 115 nömrəli qaynar xətti və internet səhifəsindəki on-line xidmət aparılan işin səmərəliliyini daha da artırmışdır.
Aşağı seçki komissiyaları üzvlərinin, həmçinin digər seçki subyektlərinin maarifləndirilməsini həyata keçirmək, seçki qanunvericiliyinin müddəalarının peşəkarcasına icrasını, seçkilərdə iştirak hüquqları üzrə biliklərin artırılmasını və gücləndirilməsini təmin etmək üçün müvafiq dəyişikliklər edilərək MSK tərəfindən qəbul olunmuş təlimat, izah və qaydalar da daxil olmaqla, ümumilikdə 38 normativ xarakterli sənəd 16 toplu şəklində nəşr edilmiş və aşağı seçki komissiyalarına paylanılmışdır. Bütün normativ hüquqi sənədlər həmçinin, azərbaycan və ingilis dillərində MSK-nın internet səhifəsində yerləşdirilmişdir.
Mərkəzi Seçki Komissiyası Azərbaycan Respublikası Prezidenti seçkilərinə hazırlıqla əlaqədar dairə və məntəqə seçki komissiyalarının təchizatı ilə bağlı müvafiq monitorinq apararaq bu istiqamətdə lazımi addımlar atmışdır.
MSK 2003-cü ildən bəri görmə qabiliyyətini tam və ya qismən itirmiş şəxslər üçün seçki bülletenindəki bütün məlumatların Brayl əlifbası ilə əks olunduğu trafaretlərdən istifadə edir.
Hərəkət qabiliyyətində məhdudiyyətlər olan seçicilərin sərbəst şəkildə seçki məntəqəsinə gələrək səs vermələri üçün isə daşına bilən panduslardan istifadə olunmuşdur. Respublika üzrə aparılan araşdırmalar nəticəsində 1455 məntəqədə hərəkət qabiliyyətində məhdudiyyətlər olan seçicilərin olduğu müəyyən edilmiş, həmin məntəqələrdə hərəkət qabiliyyəti məhdud olan seçicilərin maneəsiz hərəkəti üçün şərait yaradılmış və mobil panduslar quraşdırılmışdır.
Komissiya tərəfindən 18 istiqamətdə maarifləndirmə proqramları hazırlanmış və müxtəlif statuslu seçki prosesi iştirakçıları üçün davamlı şəkildə irimiqyaslı maarifləndirmə layihələri gerçəkləşdirilmişdir.
Azərbaycan Respublikası Prezidentinin 27 dekabr 2011-ci il tarixli “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramının təsdiq edilməsi haqqında” Sərəncamına əsasən dairə və məntəqə seçki komissiyaları üzvlərinin maarifləndirilməsi üçün 2 mərhələli geniş layihə icra olunmuşdur.
Birinci mərhələ çərçivəsində fevral ayının 15-də MSK-nın inzibati binasında dairə seçki komissiyalarının sədrləri üçün müşavirə keçirilmişdir. Üçgünlük kurslar zamanı qruplardakı dinləyicilərin sayı təxminən 40-60 nəfər arasında dəyişmişdir. Ümumilikdə ixtisaslaşdırılmış kurslar 6000-dən çox seçki rəsmisini əhatə etmiş və bu kurslarda aşağı seçki komissiyalarının üzvləri seçki prosesi haqqında hərtərəfli informasiya əldə etmişlər.
Mərkəzi Seçki Komissiyasının maarifləndirmə proqramı çərçivəsində fevralın 27-dən martın 1-dək seçkilərlə bağlı müraciətlərin araşdırılmasına həsr olunan üçgünlük seminarlar keçirilmişdir.
Mart ayının 2-də Ədliyyə Nazirliyinin Penitensiar xidmətində qapalı müəssisələrdə seçkilərin təşkili ilə bağlı keçirilən seminar-məşğələdə sözügedən qurumun əməkdaşlarına MSK təmsilçiləri tərəfindən hərtərəfli məlumat verilmiş və səsvermə günü prosedurları əhatəli şəkildə izah edilmişdir. Əvvəlki illərdə olduğu kimi, prezident seçkilərində də aşağı seçki komissiyalarının maarifləndirilməsinə xüsusi diqqət yetirilmiş və 2 mərhələli treninq layihəsi gerçəkləşdirilmişdir.
Birinci mərhələ çərçivəsində 5, 6, 7 və 9 mart tarixlərində Bakıda MSK-nın Treninq qrupu tərəfindən “Trenerlər üçün Treninq” keçirilmişdir. Bu treninqlərdə 125 seçki dairəsindən olan 250 yerli trener iştirak etmişdir.
İkinci mərhələyə martın 12-dən başlanılmış və MSK-nın Treninq qrupunun təqdim etdiyi cədvələ əsasən 35-40 nəfərlik kiçik qruplardan təşkil olunmuşdur. Bütünlükdə treninqlər 32000-dən artıq komissiya üzvünü əhatə etmişdir. Martın 7-də Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsman) Aparatının əməkdaşları üçün MSK Katibliyinin əməkdaşları tərəfindən treninq keçirilmişdir.

Martın 13-də MSK Xarici İşlər Nazirliyi ilə birgə seminar keçirmişdir. Əsas maarifləndirmə tədbirlərindən biri də kütləvi informasiya vasitələrini əhatə etmişdir. Belə ki, Azərbaycan Respublikası Prezidenti Administrasiyası, Mərkəzi Seçki Komissiyası, Milli Televiziya və Radio Şurası və Mətbuat Şurasının birgə təşkilatçılığı ilə martın 19-da prezident seçkilərində KİV-lərin rolu və vəzifələrinə həsr olunan geniş seminar-müşavirə keçirilmişdir.

Seçkilərlə əlaqədar digər bir maarifləndirmə tədbiri də MSK-nın Səhiyyə Nazirliyi ilə birgə təşkilatçılığı ilə martın 23-də MSK-nın inzibati binasında keçirilmişdir. MSK seçki subyektlərinin maarifləndirilməsi proqramı çərçivəsində polisin seçki prosesində rolu haqqında məlumatının artırılması məqsədi ilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi ilə birgə martın 26-da Gəncə şəhərində, 28-də Şirvan şəhərində seminar-müşavirə keçirmişdir. Eyni səpkili tədbirlər Şəki (30 mart) və Bakı (2 aprel) şəhərlərində də keçirilmişdir.

Seçki günü proseslərin şəffaflığının təmin olunmasında önəmli yer tutan Dövlət Avtomatlaşdırılmış İnformasiya Sistemi – “Seçkilər” informasiya şəbəkəsindən və onun müvafiq proqram təminatlarından düzgün istifadə ilə bağlı mütəxəssislərin lazımi bilik və bacarıqlarını dərinləşdirmək üçün 26-28 mart tarixlərində MSK-da dairə seçki komissiyalarının kompüter mütəxəssisləri üçün praktiki seminarlar keçirilmişdir.

Ümumilikdə 15 iddiaçı (8-i siyasi partiyalar tərəfindən, 6-sı öz təşəbbüsü ilə, 1-i isə seçicilərin təşəbbüs qrupu tərəfindən) namizədliklərinin irəli sürülməsinin təsdiq olunması üçün tələb olunan müvafiq sənədləri Mərkəzi Seçki Komissiyasına təqdim etmiş və onların hamısının namizədliyinin irəli sürülməsi təsdiq olunmuşdur. Namizədliyinin irəli sürülməsi təsdiq olunmuş 15 iddiaçıdan 5-i imza vərəqələrini ümumiyyətlə geri qaytarmamışdır. İmza vərəqələrini və ona əlavə olunmuş sənədləri geri qaytarmış 10 nəfərdən 8-nin namizədliyi qeydə alınmışdır. 2 nəfərin namizədliyi isə kifayət qədər etibarlı imza təqdim edilmədiyi üçün qeydə alınması mümkün olmamışdır. Qeydə alınmış 8 namizədin 6-nın namizədliyi siyasi partiyalar tərəfindən, 1-i öz təşəbbüsü ilə, 1-nin namizədliyi isə seçicilərin təşəbbüsü qrupu tərəfindən irəli sürülmüşdür. Namizədlərin qeydiyyatı başa çatdıqdan sonra seçkiqabağı təşviqat mərhələsi başlamışdır. İctimai Televiziya və Radio Yayımları Şirkətində qanunvericilikdə nəzərdə tutulduğundan 2 dəfə artıq, həftəlik 6 saat olmaqla ödənişsiz efir vaxtı, “Azərbaycan” qəzeti, “Xalq qəzeti” və “Bakinski raboçi” qəzetlərində ödənişsiz əsaslarla dərc üçün yer ayrılmış, habelə 34 KİV-də ödənişli efir vaxtı və dərc imkanları yaradılmışdır. Bütün bunlarla yanaşı, Seçki Məcəlləsinin tələblərinə uyğun olaraq, seçkiqabağı təşviqat tədbirləri çərçivəsində təşviqat subyektlərinin seçicilərlə görüşləri üçün respublikanın şəhər və rayonlarında 84-ü açıq, 84-ü qapalı olmaqla, ümumilikdə 168 daimi görüş yeri ayrılmışdır.

Mart ayının 19-dan start verilən təşviqat kampaniyası sivil və müasir tələblərə cavab verən şəraitdə keçirilmiş və aprelin 10-u saat 8:00-dək davam etmişdir. Prezident seçkilərində şəffaflığın təmin olunması üçün MSK başda olmaqla, bütün aidiyyatı qurumlar tərəfindən lazımi tədbirlər görülmışdır. Ölkəmizdə 2008-ci ildən başlayaraq geniş tətbiq olunan və internet vasitəsilə səsvermə prosesini canlı izləmə imkanı verən veb-kameralardan istifadə təcrübəsi bu seçkilərdə də tətbiq edilmişdir. Seçkilərdə şəffaflığın yüksək səviyyədə təmin olunması üçün digər vasitələrlə yanaşı, işğal olunmuş ərazilər istisna olmaqla, bütün ölkə coğrafiyasını əhatə edən 1000 seçki məntəqəsində (seçki məntəqələrinin təqribən 20%-də) veb-kamera quraşdırılmışdır.

Prezident seçkiləri geniş ictimaiyyətin də böyük maraq dairəsində olmuşdur. Belə ki, seçkiləri izləmək üçün ümumilikdə 58175 yerli müşahidəçi, o cümlədən QHT-lər tərəfindən irəli sürülmüş 4041 müşahidəçi qeydiyyatdan keçmişdir.
Seçkiləri müşahidə prosesinə 59 ölkə və 61 beynəlxalq təşkilatı təmsil edən 894 beynəlxalq müşahidəçi də qatılmışdır. Həm yerli, həm də beynəlxalq müşahidəçilər müvafiq lövhəciklərlə təmin olunmuşdur. Bundan başqa yerli və beynəlxalq müşahidəçilərə “Seçki günü üçün yaddaş kitabçası”, həmçinin beynəlxalq müşahidəçilərə ingilis və rus dilində Seçki Məcəlləsi və “Müşahidəçilər üçün yaddaş” kitabçası təqdim edilmişdir.
Seçki Məcəlləsinin tələbinə uyğun olaraq, exit-poll keçirmək məqsədi ilə Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası (“AJF&Associates İnc.” təşkilatı (Amerika Birləşmiş Ştatları) ilə birgə), “Vətəndaş Cəmiyyəti Uğrunda” Müstəqil Məsləhət və Yardım Mərkəzi (“Opinion Way” Sosioloji Tədqiqatlar İnstitutu (Fransa) ilə birgə), “ELS” Müstəqil Araşdırmalar Mərkəzi və “Rəy” Monitorinq Mərkəzi MSK-ya müraciət etmiş və bütün müraciətlər Komissiya üzvlərinin müzakirəsindən sonra müsbət qarşılanaraq, həmin təşkilatlar qeydiyyatdan keçirilmişdir.
Komissiyanın internet səhifəsində (www.msk.gov.az, www.cec.gov.az, www.infocenter.gov.az) seçkilərlə bağlı bütün məlumatlar yerləşdirilmişdir.

Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının səsvermənin nəticələri haqqında statistik məlumatı
Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası səsvermənin nəticələri haqqında dairə seçki komissiyalarının protokollarındakı bütün məlumatları ümumiləşdirərək respublika üzrə səsvermənin nəticələrini müəyyən etmişdir:
Seçki dairələrinin sayı: 125
Dairə seçki komissiyaları tərəfindən təqdim edilmiş protokolların sayı: 125
Seçki məntəqələrinin ümumi sayı: 5 641
Səsvermənin nəticələri etibarsız hesab edilmiş seçki məntəqələrinin sayı: 4
Səsvermənin baş tutmadığı seçki məntəqələrinin sayı: 0
1. Seçicilərin ümumi sayı: 5 332 817
seçici siyahılarında olan seçicilərin sayı: 5 293 561
əlavə seçici siyahısında olan seçicilərin sayı:18 452
qeydiyyatdan çıxma vəsiqəsi almış seçicilərin sayı: 20 804
2. Mərkəzi Seçki Komissiyası tərəfindən dairə seçki komissiyalarına verilmiş seçki bülletenlərinin sayı: 5 347 803
3. Seçki bülleteni almış seçicilərin sayı: 3 962 123
4. İstifadə edilmədən ləğv olunmuş seçki bülletenlərinin sayı: 1 383 792
5. Korlanmış seçki bülletenlərinin sayı: 1 888
6. Seçki qutularında olan seçki bülletenlərinin sayı: 3 958 852
7. Etibarsız hesab edilmiş səslərin sayı: 12 413
8. Etibarlı hesab edilmiş səslərin sayı: 3 946 439

Etibarlı hesab edilmiş səslərin prezidentliyə namizədlər arasında bölünməsi: Əliyev İlham Heydər oğlu - 86.02%
Əlizadə Araz Məmməd Mübariz oğlu - 1.38%
Hacıyev Hafiz Ələmdar oğlu - 1.52%
Həsənquliyev Qüdrət Müzəffər oğlu - 3.02%
Quliyev Fərəc İbrahim oğlu - 1.17%
Məmmədov Sərdar Calal oğlu - 3.03%
Nurallayev Razi Qulaməli oğlu - 0.74%
Oruc Zahid Məhərrəm oğlu - 3.12%