MDB PAA DİMBİ Bakı filialının 2015-ci ilə dair iş planına əsasən Bakı filialı 01 sentyabr 2015-ci ildən etibarən 01 noyabr 2015-ci il parlament seçkiləri ilə bağlı uzunmüddətli monitorinqlərə başlamışdır. 01 sentyabrdan başlayaraq filial tərəfindən seçki komissiyalarının, hüquq-mühafizə orqanlarının, KİV-in və parlament seçkiləri ilə əlaqəli digər tərəflərin fəaliyyəti araşdırılmış və təhlil edilmişdir. Bundan əlavə parlament seçkiləri ilə bağlı geniş məlumat əldə etmək üçün MDB PAA Demokratiyanın, parlamentarizmin inkişafının və vətəndaşların seçki hüquqlarına riayət olunmasının monitorinqi beynəlxalq institutu tərəfindən Azərbaycanın regionlarında seçki qərargahları yaradılmışdır. Hər birində 2 ekspertin fəaliyyət göstərdiyi qərargahlar öz fəaliyyətinə 01 sentyabr 2015-ci ildən başlamışlar. Bu vaxtdan etibarən Bakı filialı qərargahlar da daxil olmaqla seçki prosesinə uyğun olaraq müxtəlif istiqamətlərdə monitorinqlər aparmışdır. Ekspertlərin əsas vəzifəsi seçkilərə hazırlıq, həmçinin seçkilərin təşkili və keçirilməsi üzrə monitorinqlərin keçirilməsindən ibarət olmuşdur.

MDB PAA DİMBİ Bakı filialının əməkdaşları MSK-da ilk olaraq Azərbaycan Respublikasının bütün ərazisində müşahidə aparmaq üçün qeydiyyatdan keçmişlər. Parlament seçkilərinə rəsmi start verildikdən sonra MDB PAA DİMBİ Bakı filialı 2015-ci ilə dair təsdiq edilmiş iş planına və Azərbaycan Respublikası Milli Məclisinə 5-ci çağırış seçkilərin təşkili və keçirilməsi üzrə əsas hərəkət və tədbirlərin təqvim planına uyğun olaraq aşağıdakı istiqamətlərdə monitorinq və araşdırmalar aparmışdır:

 Seçki komissiyalarının fəaliyyətinin monitorinqi;
 Azərbaycan Respublikasında seçici siyahılarının formalaşması barədə ümumi məlumatlar;
 Azərbaycan Respublikası Milli Məclisinə partiyalı və partiyasız namizədlərin imza toplama və MSK tərəfindən qeydiyyatının monitorinqi;
 Milli Məclisə seçkilərdə namizədlərin təşviqat fəaliyyətinin monitorinqi;
 Azərbaycan Respublikası Milli Məclisinə seçkilərin təşkili və keçirilməsinin maliyyə məlumatları;
 Seçkilərin keçirilməsinin təmin edilməsi üzrə hüquq mühafizə, məhkəmə və yerli özünüidarəetmə orqanlarının fəaliyyəti;
 Azərbaycan Respublikası üzrə rəsmi qeydə alınmış seçki münaqişələrinin monitorinqi;
 Azərbaycan Respublikasında səsvermənin monitorinqi – ümumi statistik məlumatlar;
 Azərbaycan Respublikası Milli Məclisinə seçkilərin keçirilməsinin monitorinqi.
 Azərbaycan Respublikası Milli Məclisinə seçkilərn təşkili, keçirilməsi və nəticələri üzrə beynəlxalq müşahidəçilərin rəyləri.

MDB PAA DİMBİ Bakı filialı monitorinqlərlə yanaşı, Bakı şəhərində və ölkənin Şəki, Tərtər və Şamaxı regionlarında maarifləndirici tədbirlər keçirmişdir. Bu məqsədlə filialın əməkdaşları regionlara ezam olunmuşlar. Ezamiyyə dövründə əməkdaşlar müvafiq Dairə və Məntəqə Seçki Komissiyalarında olmuş, qarşıdan gələn Milli Məclis seçkilərinin hazırlanması və keçirilməsi üzrə görülən işlərlə yaxından tanış olmuşlar. Bakı filialı bununla yanaşı seçki iştirakçıları üçün rus və azərbaycan dillərində vəsaitlər hazırlamış və maarifləndirici tədbirlər zamanı dinləyicilərə paylamışdır.

MDB PAA DİMBİ Bakı filialı tərəfindən Azərbaycan Respublikası Milli Məclisinə seçkilərin təşkili və keçirilməsinin monitorinqi əsasında bu nəticəyə gəlmək olar ki, seçkilərin keçirilməsinə hazırlıq Mərkəzi Seçki Komissiyası tərəfindən qəbul edilən “Təqvim planına” əsasən həyata keçirilmişdir. Monitorinqlərin keçirilməsində MDB PAA DİMBİ Bakı filialının regional qərargahlarının ekspertləri də iştirak etmişlər. Ekspertlər monitorinqləri beşinci çağırış parlament seçkilərinin hazırlanıb keçirilməsi üzrə əsas hərəkət və tədbirlərin təqvim planı və MDB PAA DİMBİ Bakı filialının iş planına uyğun olaraq ayrıca plan əsasında keçirmişlər. Filial tərəfindən monitorinqlərin keçirilməsi dövründə 2015-ci il parlament seçkilərinin hazırlanıb keçirilməsi üzrə əsas hərəkət və tədbirlərin təqvim planından kənarlaşma və seçki qanunvericiliyinin ciddi pozuntusu qeydə alınmamışdır.