MDB PAA DİMBİ Direktor müavini E.V. Qoloulina MDB PAA DİMBİ Bakı filialında olmuşdur.
26/09/2018
Эксперты МПА СНГ обсудили вопросы адвокатской и судебной деятельности
27/09/2018
Show all

AZƏRBAYCAN PARLAMENTİNİN 100 İLLİYİNƏ HƏSR OLUNMUŞ TƏNTƏNƏLİ İCLAS KEÇİRİLDİ

Sentyabrın 21-də Milli Məclisdə Azərbaycan Parlamentinin 100 illiyinə həsr olunmuş təntənəli iclas keçirildi. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev milli parlamentimizin bir əsrlik yubileyinə toplaşmış 44 xarici ölkənin nümayəndə heyətini, 10-a yaxın beynəlxalq təşkilatın və ölkəmizdəki diplomatik korpusların təmsilçilərini salamladı.
Dövlət başçısı geniş nitqində qeyd etdi ki, Azərbaycan Parlamenti ölkədə müstəqilliyin möhkəmləndirilməsində və sürətli inkişafın təmin edilməsində müstəsna rol oynayır. Parlament diplomatiyası milli maraqlarımıza xidmət edir. Deputatlar Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə dair həqiqətlərin dünyaya çatdırılması, beynəlxalq təşkilatlarda Azərbaycanın haqlı mövqeyinin müdafiəsi istiqamətində fəal iş aparırlar.
Təntənəli yubiley tədbirinin açılış mərasimindən sonra qonaqlarla birgə ailə fotosu çəkdirildi.
Fasilədən sonra Azərbaycan Parlamentinin 100 illiyinə həsr olunmuş təntənəli iclas işini davam etdirdi.
Öncə Azərbaycan Respublikasının Dövlət himni səsləndirildi.
Sonra iclasda Milli Məclisin Sədri Oqtay Əsədov nitq söylədi. Oqtay Əsədov təntənəli iclasda iştirak etmək üçün Bakıya təşrif buyurmuş xarici ölkələrin parlament sədrlərinə, sədr müavinlərinə, parlament nümayəndə heyətlərinə, beynəlxalq təşkilatların təmsilçilərinə, bütün qonaqlara “xoş gəlmisiniz” dedi. Deputatları və bütün xalqımızı Azərbaycan Parlamentinin yaranmasının 100 illiyi münasibəti ilə ürəkdən təbrik etdi. Azərbaycan dövlətçiliyinin əbədiyyətə qədər var olmasını arzuladı.
Oqtay Əsədov bildirdi ki, Azərbaycan 1991-ci ildə dövlət müstəqilliyini bərpa etdikdən sonra xalqımız böyük böhran və sarsıntılar, erməni işğalı və vətəndaş müharibəsi təhlükəsi ilə qarşılaşmışdı. 1993-cü ilin iyun ayında böyük siyasi və dövlət xadimi Heydər Əliyevin hakimiyyətə qayıdışı müstəqil dövlətimizi məhv olmaqdan xilas etdi. Ulu öndər Prezident seçilənədək dörd ay parlamentə rəhbərlik etdi. 1995-ci ildə onun rəhbərliyi ilə hazırlanmış Konstitusiya parlamentin formalaşmasının müasir standartlara uyğun mexanizmini yaratdı.
Sədr qeyd etdi ki, Milli Məclisə indiyədək beş dəfə keçirilmiş azad, ədalətli və şəffaf seçkilər Azərbaycanın demokratik inkişafında mühüm rol oynayıb. 23 ilə yaxındır ki, Azərbaycan Milli Məclisi qanunvericilik hakimiyyəti səlahiyyətlərini uğurla həyata keçirir. Parlament ölkədə aparılan hüquqi, demokratik, dünyəvi dövlət quruculuğunun möhkəm hüquqi bazasını yaradıb və təkmilləşdiribdir.
Parlamentin beynəlxalq əlaqələrin inkişafına xüsusi diqqət yetirdiyini vurğulayan Oqtay Əsədov məlumat verdi ki, Milli Məclis 10 beynəlxalq parlament təşkilatının tam hüquqlu üzvüdür, bir neçə parlament təşkilatı ilə yaxından əməkdaşlıq edir. 80-dən çox ölkənin parlamentləri ilə əlaqələr üzrə işçi qrupları, bir neçə ikitərəfli komissiya yaradılıb.
Yubiley iştirakçılarına məlumat verildi ki, Azərbaycan Prezidenti İlham Əliyev birinci və ikinci çağırış Milli Məclisin deputatı olub, 3 il AŞPA-dakı nümayəndə heyətimizə rəhbərlik edib. O, Milli Məclisin fəaliyyəti ilə bağlı məsələləri dərindən bildiyinə görə qanunvericilik orqanına çox böyük diqqət göstərir. Parlament bu dəstəyə görə dövlət başçısına minnətdardır.
Bildirildi ki, Azərbaycanın birinci vitse-prezidenti Mehriban Əliyeva 12 ilə yaxın Milli Məclisin deputatı olub, dövlətimizin qanunvericilik bazasının təkmilləşdirilməsində, parlamentin beynəlxalq əlaqələrinin inkişafında yaxından iştirak edib. Onun təklifi və dəstəyi ilə 4 amnistiya aktı qəbul olunub.
Milli Məclisin gündəlik fəaliyyətindən söz açan Sədr bildirdi ki, icra və məhkəmə hakimiyyəti orqanları, elm, təhsil və yaradıcılıq mərkəzləri ilə sıx əlaqə saxlanılır. Hakimiyyətin müxtəlif qolları arasında iş birliyi ölkəmizin strateji inkişaf xəttinin uğurla həyata keçməsini təmin edir.
İclasda vurğulandı ki, Azərbaycan Respublikası XX əsrin əvvəllərində mövcud olmuş Xalq Cümhuriyyətinin, Milli Məclis isə Xalq Cümhuriyyəti parlamentinin varisidir. Azərbaycan parlamentinin 100 illik yubileyi münasibəti ilə bu gün keçirilən təntənələr zamanlar arasında canlı əlaqəni təcəssüm etdirir. İnamla söyləmək olar ki, Azərbaycan Xalq Cümhuriyyəti qurucularının yaratdıqları dövlətçilik və parlamentarizm ənənələri indiki Azərbaycan dövlətinin və parlamentinin fəaliyyətində layiqincə davam və inkişaf etdirilir.
Nitqinin yekununda Milli Məclisin Sədri Oqtay Əsədov qonaqlara bu bayram günündə bizimlə birlikdə olduqlarına görə bir daha təşəkkür etdi.
Sonra iclasda Azərbaycan Parlamentinin 100 illik tarixini əks etdirən film nümayiş olundu.
Filmə baxışdan sonra çıxış üçün təntənəli iclasda iştirak edən xarici qonaqlara söz verildi.
Təbrik nitqlərində Bolqarıstan Milli Assambleyasının sədri Tsveta Karayançeva, Türkiyə Böyük Millət Məclisinin sədri Binəli Yıldırım, Pakistan Senatının sədri Məhəmməd Sadiq Sancrani, Belarusiya Nümayəndələr Palatasının sədri Vladimir Andreyçenko, Küveyt Millət Məclisinin sədri Mərzuq əl Ğanim, Qırğız Respublikası Parlamentinin sədri Dastanbek Cumabekov, Bəhreyn Nümayəndələr Şurasının sədri Əhməd bin İbrahim Əl-Mulla, Cibuti Milli Assambleyasının sədri Mohamed Ali Huməd, Sudan Milli Assambleyasının sədri İbrahim Əhməd Ömər Azərbaycan parlamentinin fəaliyyətini, parlamentlərarası əlaqələrin inkişafına verdiyi töhfəni yüksək dəyərləndirdilər. Azərbaycanın qazandığı uğurlarda parlamentin böyük rolu olduğunu vurğuladılar. Ölkələrimiz arasında hərtərəfli əməkdaşlığın genişləndirilməsində maraqlı olduqlarını dedilər.
İclasda ATƏT PA-nın sədri Georgi Tsereteli qeyd etdi ki, sələfinin izi ilə gedən Milli Məclis Azərbaycanın inkişaf edərək regionda vacib ölkəyə çevrilməsinə mühüm töhfə verib.
Rusiya Dövlət Dumasının sədr müavini Sergey Neverov və başqaları Azərbaycan Parlamentinin 100 illiyi münasibətilə xoş diləklərini çatdırdılar. Ölkələrimiz arasında münasibətlərin yüksələn xətt üzrə inkişaf etdiyini bildirdilər. Qafqazın lider dövlətinə çevrilmiş müasir Azərbaycanın nailiyyətlərindən iftixarla söz açdılar. Ölkəmizin iştirakı ilə həyata keçirilən qlobal layihələrin yalnız bölgədə deyil, digər qitələrdə də sülhün və iqtisadi tərəqqinin inkişafına əsaslı zəmin yaratdığını vurğuladılar, ölkəmizin qurduğu dostluq əlaqələrindən, Azərbaycanda hökm sürən tolerantlıqdan, demokratik inkişafdan məmnuniyyətlə söz açdılar. Söylədilər ki, müsəlman aləmində ilk demokratik dövlət yaratmaqla Azərbaycan müxtəlif dinlərin və xalqların nümayəndələrinin bir yerdə yaşamalarının nə qədər önəmli olduğunu nümayiş etdirib.
Təbrik nitqləri yekunlaşdıqdan sonra Milli Məclisin Sədri Oqtay Əsədov yüksək səviyyədə keçən yubiley tədbirində iştirak edənlərə bir daha dərin təşəkkürünü bildirdi.
Azərbaycan Parlamentinin 100 illiyinə həsr olunmuş Milli Məclisin təntənəli iclası Dövlət himnimizin sədaları altında başa çatdı.