“Vətəndaş cəmiyyətinin formalaşmasında yerli özünüidarəetmə orqanlarının rolu” mövzusunda dəyirmi masa keçirilib
22 yanvar 2025

22 yanvar 2025-ci il tarixində MDB Parlamentlərarası Assambleyasının Demokratiyanın, parlamentarizmin inkişafının və vətəndaşların seçki hüquqlarına riayət olunmasının monitorinqi beynəlxalq institutunun Bakı filialı 29 yanvar 2025-ci ildə Azərbaycan Respublikasında keçiriləcək bələdiyyə seçkilərinə həsr olunmuş “Vətəndaş cəmiyyətinin formalaşmasında yerli özünüidarəetmə orqanlarının rolu” mövzusunda dəyirmi masa keçirib.
Dəyirmi masada MDB PA Şurası Baş katibinin müavini – Azərbaycan Respublikası Milli Məclisinin MDB PA-da səlahiyyətli nümayəndəsi Aydın Cəfərov, Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının, bələdiyyələrin nümayəndələri, ekspertlər və digər dəvət olunmuş qonaqlar iştirak ediblər.
Dəyirmi masanı giriş sözü ilə açan MDB PA DİMBİ Bakı filialının direktoru Ramin Rzayev iştirakçıları salamlayıb, tədbirin keçirilməsinin məqsədi haqqında qısa məlumat verib və 29 yanvar 2025-ci ildə Azərbaycanda keçiriləcək bələdiyyə seçkiləri kontekstində tədbirin əhəmiyyətini qeyd edib.
Azərbaycan Respublikası Milli Məclisinin MDB Parlamentlərarası Assambleyasında səlahiyyətli nümayəndəsi Aydın Cəfərov MDB PA Şurasının Katibliyi adından dəyirmi masa iştirakçılarını salamlayaraq, institutun seçkilər dövründə monitorinqlər həyata keçirməsi kimi fəaliyyətindən danışıb, eyni zamanda, Birliyin bütün iştirakçı dövlətləri səviyyəsində bu prosesdə qarşılıqlı fəaliyyətin beynəlxalq xarakterini qeyd edib.
Qonaqlar öz çıxışlarında bələdiyyələrin yerli özünüidarəetmə orqanı kimi demokratik vətəndaş cəmiyyətinin formalaşmasında mühüm rolunu vurğulayaraq, qarşıdan gələn bələdiyyə seçkiləri ilə əlaqədar təşkilati işlər haqqında öz təcrübələrini bölüşüblər.
Dəyirmi masa diskussiya və qarşılıqlı fikir mübadiləsi ilə başa çatıb.