Türkmənistanda MDB Parlamentlərarası Assambleya Şurasının iclası keçirilib

19 noyabr 2026

Türkmənistanda MDB Parlamentlərarası Assambleya  Şurasının iclası keçirilib

19 noyabr 2026-cı il tarixində Türkmənistanda MDB Parlamentlərarası Assambleyası Şurasının iclası keçirilib.

Tədbiri MDB Parlamentlərarası Assambleyası Şurasının sədri, Rusiya Federasiyası Federal Məclisi Federasiya Şurasının sədri Valentina Matviyenko açıb. O, Türkmənistanın MDB-yə sədrliyi çərçivəsində dünya liderlərinin iştirak etdiyi bir sıra mühüm tədbirlərə və konqreslərə ev sahibliyi etdiyini bildirib.

İclasda Azərbaycan Milli Məclisinin Sədri Sahibə Qafarova, Qazaxıstan Qurultayının Sədri Aybek Dadebay, Qırğızıstan Joqorku Keneşinin Sədri Marlen Mamataliyev, Tacikistan Ali Məclisi Nümayəndələr Palatasının Sədri Fayzəli İdizoda, Özbəkistan Ali Məclisi Senatının Sədri Tənzilə Narbayeva, Türkmənistan Məclisinin Sədri Dünyagözəl Qulmanova iştirak ediblər.

Valentina Matviyenko yekdilliklə MDB Parlamentlərarası Assambleyası Şurasının sədri vəzifəsinə yenidən seçilib.

Milli Məclisin Sədri Sahibə Qafarova diqqətə çatdırıb ki, Valentina Matviyenkonun rəhbərliyi ilə Assambleya açıq dialoq və aktual məsələlərin konstruktiv müzakirəsi üçün nüfuzlu bir platforma kimi fəaliyyətini davam etdirəcək.

Valentina Matviyenko göstərilən etimada görə həmkarlarına təşəkkür edib və bunu yüksək qiymətləndirdiyini vurğulayıb. O, Assambleyanın əldə etdiyi nailiyyətlərin parlament rəhbərlərinin və parlament nümayəndə heyətlərinin birgə səylərinin nəticəsi olduğunu qeyd edib.