Türkmənistanda MDB Parlamentlərarası Assambleyasının 61-ci plenar iclası keçirilib

20 noyabr 2026

Türkmənistanda MDB Parlamentlərarası Assambleyasının  61-ci plenar iclası keçirilib

20 noyabr 2026-cı il tarixində Türkmənistanda MDB Parlamentlərarası Assambleyasının 61-ci plenar iclası keçirilib.

Tədbir MDB PA Şurasının sədri, Rusiya Federasiyası Federal Məclisi Federasiya Şurasının sədri Valentina Matviyenkonun rəhbərliyi ilə keçirilib.

İclasda Azərbaycan Milli Məclisinin Sədri Sahibə Qafarova, Qazaxıstan Qurultayının Sədri Aybek Dadebay, Qırğızıstan Joqorku Keneşinin Sədri Marlen Mamataliyev, Tacikistan Ali Məclisi Nümayəndələr Palatasının Sədri Fayzəli İdizoda, Özbəkistan Ali Məclisi Senatının Sədri Tənzilə Narbayeva, Türkmənistan Məclisinin Sədri Dünyagözəl Qulmanova iştirak ediblər.

Parlament nümayəndələri model aktların milli qanunvericilikdə tətbiqi, birgə təşəbbüslərin həyata keçirilməsi, həmçinin səhiyyə, təhlükəsizlik, miqrasiya və rəqəmsal texnologiyalar sahəsində sənədlərin təsdiqi məsələlərini müzakirə ediblər.

Plenar iclasda çıxış edən Azərbaycan Milli Məclisinin Sədri Sahibə Qafarova bildirib ki, Azərbaycan MDB ölkələri ilə humanitar sahədə əməkdaşlığı inkişaf etdirir. Mədəni və idman tədbirləri, gənclər təşəbbüsləri və seçkilərin müşahidəsi Birliyə üzv dövlətlərin parlamentlərinin qarşılıqlı fəaliyyətinin mühüm istiqamətləri olaraq qalır. Azərbaycanda Laçın şəhərinin MDB-nin mədəniyyət paytaxtı elan edilməsi ilə bağlı tədbirlər keçirilib, ölkənin yeddi şəhəri III MDB Oyunlarına ev sahibliyi edib. Azərbaycan parlamentinin rəhbəri həmçinin “Birliyin Uşaqları və “Yaddaş Qatarı” beynəlxalq gənclər layihələrini qed edib və Assambleyanın beynəlxalq müşahidəçilərinin fəaliyyətini vurğulayıb.

Sahibə xanım Qafarova MDB PA-nın Demokratiyanın inkişafının monitorinqi Beynəlxalq İnstitutunun Bakı filialının fəaliyyətini ayrıca qeyd edib. Filial seçkilərin müşahidəsi ilə yanaşı, analitik və metodiki fəaliyyət ilə məşğuldur. Oktyabr ayında o, parlament institutlarının inkişafında qadınların roluna həsr olunmuş “Azərbaycan parlamentarizmi tarixində qadınlar” beynəlxalq konfransını təşkil edib.

“Əminəm ki, formalaşmış konstruktiv əməkdaşlıq ənənələri və toplanılmış təcrübə parlamentlərarası əlaqələrin möhkəmlənməsinə və dövlətlərimiz arasında münasibətlərin inkişafına bundan sonra da xidmət edəcək”, – deyə Azərbaycan Milli Məclisinin Sədri vurğulayıb.