17 Noyabr – Milli Dirçəliş Günüdür

17 noyabr 2026

17 Noyabr – Milli Dirçəliş Günüdür

17 Noyabr – Milli Dirçəliş Günü Azərbaycan xalqının azadlıq iradəsinin, milli özünüdərkinin və öz taleyini təyin etmək əzminin təntənəsidir. Bu gün xalqımızın yaddaşında mübarizə, birlik və müstəqilliyə aparan yolun ən parlaq səhifələrindən biri kimi yaşayır.

1988-ci ilin sonlarında SSRİ rəhbərliyinin ermənilərin Dağlıq Qarabağla bağlı əsassız ərazi iddialarına laqeyd münasibəti xalqın qəzəbinə və ədalət tələbinə səbəb oldu. Məhz bu şəraitdə 17 noyabr 1988-ci il tarixində Bakının indiki Azadlıq meydanında yüz minlərlə insanın toplaşması ilə genişmiqyaslı xalq hərəkatı başladı və 18 gün boyunca fasiləsiz davam etdi.

Hərəkatın davamı olaraq 1991-ci il oktyabrın 18-də Azərbaycan dövlət müstəqilliyini bərpa etdi. Tarixi əhəmiyyətini nəzərə alaraq, 1992-ci ildə 17 noyabr rəsmi olaraq Milli Dirçəliş Günü elan edildi. Beləliklə, bu gün təkcə keçmişin xatirəsi deyil, həm də müstəqil Azərbaycanın bugünkü uğurlarının təməlində dayanan milli iradənin təsdiqi kimi qiymətləndirilir.

17 Noyabr – Milli Dirçəliş Günü xalqımızın keçmişdəki mübarizə ruhunu yaşadan, bu günü qiymətləndirən və gələcəyə əminliklə baxan milli yaddaş günüdür. Bu gün Azərbaycan xalqının azadlıq iradəsinin təntənəsi kimi əbədi olaraq qəlbimizdə yaşayacaq.