Rusiyada doqquzuncu çağırış Dövlət Dumasına deputat seçkilərində üçgünlük səsvermə başlayıb

18 sentyabr 2026

Rusiyada doqquzuncu çağırış Dövlət Dumasına deputat seçkilərində  üçgünlük səsvermə başlayıb

Rusiyada doqquzuncu çağırış Dövlət Dumasına deputat seçkiləri, həmçinin eyni vaxtda keçirilən regional və bələdiyyə seçkilərində üçgünlük səsverməyə start verilib.

Azərbaycan Milli Məclisinin deputatları da səsvermənin gedişatını müşahidə edəcəklər. Rusiyaya göndərilən nümayəndə heyətinin tərkibinə parlament komitəsinin sədri Azər Əmiraslanov, deputatlar Fatma Yıldırım, Anar Məmmədov, Eyvaz Qurbanov və Sabir Hacıyev daxil olub.

Azər Əmiraslanov, Fatma Yıldırım, Anar Məmmədov və Eyvaz Qurbanov Moskvada, Sabir Hacıyev isə Sankt-Peterburqda seçki prosesini müşahidə edəcəklər. Azərbaycan parlamentariləri seçki məntəqələrinin işinin təşkili, səsvermə proseduru və səslərin sayılması qaydası ilə tanış olacaqlar.

Səsverməni 133 ölkədən 1200-dən çox beynəlxalq müşahidəçi izləyəcək.

Rusiya vətəndaşları üçün səsvermə xaricdə də təşkil edilib.

Dövlət Dumasının deputat seçkiləri sentyabrın 18-20-də keçirilir. Onların  nəticələri üzrə 450 deputat – 225-i partiya siyahıları, digər 225-i isə birmandatlı seçki dairələri üzrə seçiləcək.

Qeyd edək ki, MDB PA DİMBİ Bakı filialının əməkdaşları da MDB PA-dan beynəlxalq müşahidəçi qismində seçkilərdə iştirak edəcəklər. Onlar 2026-cı il  sentyabrın 20-də Rusiya Federasiyasının Bakıdakı səfirliyində yerləşən 8017 saylı seçki məntəqəsində səsvermənin gedişini müşahidə edəcəklər.