MDB PA-nın 57-ci plenar iclası
22 noyabr 2024

Noyabr ayının 22-də Tavriya sarayında – MDB Parlamentlərarası Assambleyasının qərargahında – MDB PA-nın 57-ci plenar iclası keçirilib. Parlament nümayəndə heyətlərinin rəhbərləri demokratiyanın inkişafında və Birlik ölkələrinin dövlət suverenliyinin qorunmasında seçki proseslərinin beynəlxalq müşahidəsi institutunun rolundan danışıblar.
İclasda parlament nümayəndə heyətləri və onların rəhbərləri iştirak ediblər.
MDB PA Şurasının sədri, Rusiya Federasiyası Federal Məclisi Federasiya Şurasının sədri Valentina Matviyenko bu il MDB PA-nın seçki proseslərinin monitorinqinə başlamasından 30 il keçdiyini vurğuladı. Valentina Matviyenkonun sözlərinə görə, MDB PA seçkilər zamanı Assambleyaya üzv dövlətlərin maraqlarını qorumaq üçün “seçki suverenliyi” anlayışının hüquqi konturlarını müəyyənləşdirmək niyyətindədir.
Milli Məclisin sədri Sahibə Qafarova öz çıxışında Parlamentlərarası Assambleya çərçivəsində əməkdaşlığın Birlik ölkələri üçün səmərəli tərəfdaşlıq mexanizminə çevrildiyini, bunun da müxtəlif sahələrdə qarşılıqlı fəaliyyətin inkişafına böyük töhfə verdiyini diqqətə çatdırıb.
MDB PA çərçivəsində keçirdiyi görüşlərdə və çıxışlarında Prezident İlham Əliyevin xüsusi diqqəti və dəstəyi ilə Bakıda keçirilən COP29 haqqında geniş məlumat verən Milli Məclisin sədri Sahibə Qafarova Parlamentlərarası Assambleyanın plenar iclasında bir daha bu mövzuya toxunub.
Sahibə Qafarova iclasın iştirakçılarına müraciət edərək bildirib ki, Assambleya seçkilərin hazırlanması və keçirilməsini müşahidə etməklə mühüm işlər görür. O, MDB PA Demokratiyanın inkişafının monitorinqi beynəlxalq institutunun töhfəsini qeyd edib. Milli Məclisin sədri həmçinin MDB PA DİMBİ Bakı filialı tərəfindən həyata keçirilən səsvermənin hazırlanması və keçirilməsinin monitorinqi, eləcə də analitik, metodiki və tədris-məsləhətçi fəaliyyətini qeyd edib.
57-ci plenar iclasda Birlik parlamentariləri elektron səsvermənin müşahidəsi üzrə Tövsiyələri və dövlətin seçki suverenliyinin təmin edilməsi və qorunması üzrə Tövsiyələri qəbul ediblər.
Bundan əlavə, nümayəndələr daha 19 sosial və ekoloji yönümlü sənədləri, dövlət idarəçiliyi, elm və təhsil sahəsində qanun layihələrini təsdiq ediblər.