MDB PA DİMBİ Bakı filialının direktoru Ramin Rzayev “Parlamentarizm: ənənələr və perspektivlər” mövzusunda Beynəlxalq Parlament Konfransda iştirak edib

09 dekabr 2024

MDB PA DİMBİ Bakı filialının direktoru Ramin Rzayev “Parlamentarizm: ənənələr və perspektivlər” mövzusunda Beynəlxalq Parlament Konfransda iştirak edib

Dekabrın 7-də Milli Məclisdə “Parlamentarizm: ənənələr və perspektivlər” mövzusunda Beynəlxalq Parlament Konfransı keçirilib. Konfransda 13 ölkənin parlamentindən və beynəlxalq təşkilatlardan 100-ə yaxın nümayəndə iştirak edib.

Tədbiri giriş nitqi ilə açan Milli Məclisin sədri Sahibə Qafarova bildirib ki, konfransın mövzusu olduqca aktualdır. O qeyd edib ki, ölkələrimizin siyasi həyatında parlamentlərin oynadığı rol danılmazdır. Belə ki, onlar qanunvericilik hakimiyyəti funksiyasını yerinə yetirməklə, dövlətin idarə olunmasında fəal iştirak edirlər. Sədr, vurğulayıb ki, konfransın məhz bu gün keçirilməsi heç də təsadüfi deyil. Belə ki, Azərbaycan parlamentinin ilk iclası 106 il öncə, məhz dekabrın 7-də keçirilib.

Xarici ölkələrin parlamentariləri ölkəmizin qurduğu dostluq əlaqələrindən, Azərbaycanda hökm sürən tolerantlıqdan, demokratik inkişafdan məmnunluqlarını ifadə ediblər. Ölkəmizin beynəlxalq məsələlərlə bağlı uğurlu siyasət yürütdüyünü söyləyiblər. Onlar təmsil etdikləri ölkələrin Azərbaycanla hərtərəfli əməkdaşlığın genişləndirilməsində maraqlı olduqlarını deyiblər.

Beynəlxalq Parlament Konfransının iştirakçıları dekabrın 8-də Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə – Füzuliyə, Şuşaya, Xankəndiyə və Xocalıya səfər ediblər. 

Qonaqlar Xankəndi şəhərində 1200 yaxın tələbəsi olan Qarabağ Universitetinin fəaliyyəti ilə tanış olublar. Qarabağ Universitetinin rektoru Şahin Bayramov qonaqları salamlayaraq bildirib ki, universitetdə tədrisin və elmi araşdırmaların həyata keçirilməsi üçün dövlət tərəfindən hər cür şərait yaradılıb. Qonaqlar universitetin auditoriyalarını, laboratoriya və kitabxanasını gəzərək yaradılan şəraitlə tanış olub, tələbələrlə söhbət ediblər.

Səfər zamanı qonaqlar onları müşayiət edən media nümayəndələrinə müsahibələr veriblər, səfərlə bağlı təəssüratlarını bölüşüblər.