İqlim Dəyişikliyi ilə mübarizədə parlament təşkilatlarının rolu Bakıda keçirilən COP 29 konfransında müzakirə olunub

18 noyabr 2024

İqlim Dəyişikliyi ilə mübarizədə parlament təşkilatlarının rolu Bakıda keçirilən COP 29 konfransında müzakirə olunub

BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası - COP29 çərçivəsində noyabrın 16-17-də Bakıda Parlamentlərarası İttifaq və Milli Məclisin birgə təşkilatçılığı ilə Parlament Görüşü keçirilib. 

Görüşdə Milli parlamentlərdən, parlamentlərarası təşkilatlardan və beynəlxalq təşkilatlardan 95-dən çox nümayəndə heyəti iştirak edib.

Mərasimin açılışında Milli Məclisin sədri Sahibə Qafarova, Tanzaniya Birləşmiş Respublikası Milli Assambleyasının sədri, PAİ prezidenti Tulia Akson, PAİ-nin Baş katibi Martin Çunqonq, Özbəkistan Respublikası Ali Məclisi Senatının sədri Tənzilə Narbayeva, Tacikistan Ali Məclisi Nümayəndələr Palatasının sədri Mahmadtoir Zokirzoda çıxış ediblər.

Tədbir çərçivəsində keçirilən sessiyalarda “İqlim həssaslığı probleminin həll edilməsi: İqlim fəaliyyətinə hərtərəfli və ədalətli yanaşmanın təşviqi”, “İqlim dəyişikliyi ilə mübarizədə texnologiyadan istifadə və ədalətin təmin edilməsi”, “Dəyişən iqlim şəraitində sağlamlığın və ərzaq təhlükəsizliyinin qorunması səyləri”, “İnsan hərəkətliliyi və iqlim dəyişikliyi ilə bağlı naviqasiya: İqlimlə bağlı miqrasiya və yerdəyişmənin həlli” mövzularında müzakirələr aparılıb.

Tədbirdə iqlim dəyişikliyinin qarşısının alınması üçün hərtərəfli tədbirlərin həyata keçirilməsi məqsədilə mütəmadi olaraq bu cür tədbirlərin keçirilməsinin əhəmiyyəti vurğulanıb.

Konfransda MDB PA Şurası Baş katibinin müavini, Azərbaycan Respublikası Milli Məclisinin MDB PA-da səlahiyyətli nümayəndəsi Aydın Cəfərov, MDB PA-nın Aqrar siyasət, təbii sərvətlər və ekologiya üzrə Daimi Komissiyasının katibi Nataliya Amburtseva və MDB PA-nın demokratiyanın inkişafına dair beynəlxalq Monitorinq İnstitutunun Bakı filialının direktoru Ramin Rzayevin iştirak etdiyi MDB Parlamentlərarası Assambleyasının nümayəndə heyəti iştirak edib.

Tədbirin sonunda iştirakçıların mövqelərini və iqlim dəyişikliyinə qarşı mübarizədə gələcək əməkdaşlıq yollarını əks etdirən sənəd qəbul edildi.