“Heydər Əliyev – suveren Azərbaycanın konstitusionalizminin və parlamentarizminin banisi” mövzüsunda Beynəlxalq konfrans

08 dekabr 2025

“Heydər Əliyev – suveren Azərbaycanın konstitusionalizminin və parlamentarizminin banisi” mövzüsunda Beynəlxalq konfrans

Azərbaycan Respublikasında 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan edilməsini nəzərə alaraq, MDB Parlamentlərarası Assambleyasının iştirakçısı olan dövlətlərdə Demokratiyanın inkişafının monitorinqi beynəlxalq institutunun Bakı filialı tərəfindən 8 dekabr 2025-ci il tarixdə Azərbaycan Respublikası Konstitusiyasının 30 illiyinə və Parlamentinin 107 illiyinə həsr olunmuş “Heydər Əliyev – suveren Azərbaycanın konstitusionalizminin və parlamentarizminin banisi” mövzüsunda Beynəlxalq konfrans keçirilmişdir.

Konfransda Azərbaycan Respublikası Milli Məclisinin deputatları və Aparatının nümayəndələri, MDB-nin bir sıra üzv dövlətlərinin parlament nümayəndə heyətləri, MDB PA Şurası Katibliyinin rəhbər heyəti, Azərbaycan Respublikasındakı bir sıra səfirliklərin nümayəndələri, həmçinin beynəlxalq təşkilatların, Mərkəzi Seçki Komissiyasının, müxtəlif dövlət qurumlarının, qeyri-hökumət təşkilatlarının, ali təhsil müəssisələrinin nümayəndələri iştirak etmişlər.

Konfransı giriş nitqi ilə açan MDB PA DİMBİ Bakı filialının direktoru Ramin Rzayev filialın əməkdaşları və ekspertləri tərəfindən aparılmış elmi-tədqiqat işinin nəticəsi olaraq hazırlanmış nəşrlər barədə məlumat vermişdir. Bildirmişdir ki, nəşrlər Ümummilli lider Heydər Əliyevin ölkədə konstitusionalizm və parlamentarizmin formalaşmasında və inkişafında tarixi rolunun və çoxşaxəli xidmətlərinin hərtərəfli və sistemli təhlilinə həsr olunub. R.Rzayev həmçinin vurğulamışdır ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin  rəhbərliyi dövründə ictimai-siyasi, sosial-iqtisadi və mədəni sahələrdə əldə olunmuş mühüm nailiyyətlər, eləcə də Azərbaycanın beynəlxalq mövqelərinin möhkəmlənməsi Ulu öndər Heydər Əliyevin uzaqgörən strateji xəttinin ardıcıl və uğurlu şəkildə davam etdirilməsinin bariz göstəricisidir.

MDB Parlamentlərarası Assambleyası Şurası Baş katibinin müavini – Azərbaycan Respublikası Milli Məclisinin MDB Parlamentlərarası Assambleyasında səlahiyyətli nümayəndəsi Aydın Cəfərov tədbir iştirakçılarına MDB PA Şurası Katibliyinin rəhbəri – Baş katib Dmitri Kobitskinin adından salamlama nitqini çatdırmışdır.  O, konfransın təşkilinə göstərilən dəstəyə görə Azərbaycan Respublikasının Milli Məclisinə və MDB PA Şurası Katibliyinə minnətdarlığını bildirmişdir. 

   Tədbirdə millət vəkilləri Arzu Nağıyev, Nizami Səfərov və Göydəniz Qəhrəmanov iştirak ediblər. Deputatlar öz çıxışlarında Azərbaycanda parlamentarizm ənənələrinin inkişafının,  konstitusionalizmin nəzəri və praktiki aspektlərinin dərindən öyrənilməsinin dövlətçilik quruculuğunun təkmilləşdirilməsi baxımından mühüm əhəmiyyət daşıdığını vurğulamışlar. Onlar həmçinin Azərbaycan Respublikasının Konstitusiyasının qəbul edilməsində Ümummilli lider Heydər Əliyevin müstəsna rolunu xususi qeyd etmişlər.

MDB PA Şurası Katibliyi rəhbərinin müavini, MDB PA DİMBİ-nin direktoru İvan Muşketin adından salamlama nitqini MDB PA DİMBİ-nin direktor müavini Yelena Yeremenko çatdırmışdır. O, 2025-ci il “Konstitusiya və Suverenlik İli” çərçivəsində belə bir tədbirin keçirilməsinin aktuallığını qeyd etmiş və konfransda fəal iştiraklarına görə iştirakçılara öz təşəkkürünü bildirmişdir.

Konfrans iştirakçıları Azərbaycan Respublikasının Konstitusiyasının ölkənin hüquq yaradıcılığı sistemində əsas hüquqi baza rolunu oynadığını, eləcə də Ulu öndər Heydər Əliyevin dövlətçilik ənənələrinin banisi kimi tarixi rolunu xüsusilə vurğulamışlar.

Beynəlxalq konfransda Parlamentlərarası Assambleyanın və onun orqanlarının fəaliyyətində fəal iştirakı və Müstəqil Dövlətlər Birliyinin iştirakçısı olan dövlətlərin xalqları arasında dostluğun möhkəmlənməsinə verdiyi töhfəyə görə MDB PA DİMBİ Bakı filialının direktoru Ramin Rzayev və Filialın müşaviri Nərmin Mahmudova MDB Parlament Assambleyası Şurasının sədri  Valentina Matviyenkonun adından Fəxri Fərmanla mükafatlandırıl­mışlar.

Sonda konfrans iştirakçılarına MDB PA DİMBİ Bakı filialı və ekspertləri tərəfindən hazırlanmış, Azərbaycan Respublikasının Konstitusiyası və Parlamen­tinin tarixini əks etdirən “Heydər Əliyev – suveren Azərbaycanın konstitusionalizminin banisi” və “Azərbaycan Respublikasında parlamentarizmin formalaşması: tarix və müasirlik” adlı kitablar təqdim edilmişdir.