MDB PA-nın nümayəndə heyətinin Milli Məclisdə görüşü

08 dekabr 2025

MDB PA-nın nümayəndə heyətinin Milli Məclisdə görüşü

Dekabrın 8-də Bakıda Müstəqil Dövlətlər Birliyinin  Parlamentlərarası Assambleyasının iştirakçısı olan dövlətlərdə Demokratiyanın inkişafının monitorinqi beynəlxalq İnstitutunun (MDB PA DİMBİ) Bakı filialının təşkilatçılığı ilə Azərbaycan Respublikası Konstitusiyasının 30 illiyinə və Azərbaycan Parlamentinin 107 illiyinə həsr olunmuş Beynəlxalq konfransın iştirakçılarından bir qrupu parlamentdə Milli Məclisin sədr müavini Ziyafət Əsgərovla görüşüblər.

Qonaqları salamlayan Milli Məclisin sədr müavini Ziyafət Əsgərov “Heydər Əliyev – Suveren Azərbaycanın konstitusionalizminin və parlamentarizminin banisi” mövzusunda keçirilən beynəlxalq konfransın əhəmiyyətindən danışıb, Ümummilli lider Heydər Əliyevin ölkədə konstitusionalizmin və parlamentarizmin formalaşmasında və inkişafında tarixi rolunu qeyd edib.

Görüşdə çıxış edən MDB PA nümayəndə heyətinin üzvləri 2025-ci il – “Konstitusiya və Suverenlik İli” çərçivəsində belə bir tədbirin keçirilməsinin aktuallığını qeyd edib, Ulu Öndər Heydər Əliyevin dövlətçilik ənənələrinin banisi kimi tarixi rolunu vurğulayıblar.

Görüşdə Azərbaycan Respublikası Milli Məclisinin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə Komitəsinin sədri Arzu Nağıyev, Hüquq siyasəti və dövlət quruculuğu Komitəsinin və Mədəniyyət Komitəsinin üzvü Nizami Səfərov, Əmək və sosial siyasət Komitəsinin və Gənclər və idman Komitəsinin üzvü Göydəniz Qəhrəmanov  və MDB PA nümayəndə heyətinin üzvləri – Özbəkistan Oliy Məclisi Senatının Məhkəmə-Hüquq məsələləri və korrupsiyaya qarşı mübarizə Komitəsinin sədri Əbdulhakim Eşmuratov və Qanunvericilik Palatasının Elm, təhsil, mədəniyyət, idman və gənclər Komitəsinin üzvü Madina Baratova, Rusiya Federasiyası Federal Məclisinin Federasiya Şurasının Konstitusiya qanunvericiliyi və dövlət quruculuğu Komitəsinin üzvü Nikolay Fyodorov və Dövlət Dumasının MDB  məsələləri, Avrasiya inteqrasiyası və həmvətənlərlə əlaqələr Komitəsi sədrinin birinci müavini Kazbek Taysayev, Qazaxıstan Respublikası Parlamenti Senatının Sosial-mədəni inkişaf və elm Komitəsinin üzvü Amangeldı Yesbay, MDB PA Şurası Baş katibinin müavini, Azərbaycan Respublikası Milli Məclisinin MDB PA-da səlahiyyətli nümayəndəsi Aydın Cəfərov, MDB PA DİMBİ-nin direktor müavini Yelena Yeremenko, MDB PA DİMBİ Bakı filialının direktoru Ramin Rzayev və digərləri iştirak ediblər.