Bu gün MDB Parlamentlərarası Assambleyasının Demokratiyanın inkişafının monitorinqi beynəlxalq institutu 20 illik yubileyini qeyd edir

10 fevral 2026

Bu gün MDB Parlamentlərarası Assambleyasının Demokratiyanın inkişafının monitorinqi beynəlxalq institutu 20 illik yubileyini qeyd edir

10 fevral 2006-cı ildə MDB Parlamentlərarası Assambleyası Şurasının iclasında MDB Parlamentlərarası Assambleyasının iştirakçısı olan dövlətlərdə Demokratiyanın, parlamentarizmin inkişafının və vətəndaşlarının seçki hüquqlarına riayət olunmasının monitorinqi beynəlxalq institutunun yaradılması haqqında Əsasnamə təsdiq edilmişdir.

İnstitut, Birlik ölkələrində seçkilərin və referendumların təşkili və seçki qanunvericiliyinin təkmilləşdirilməsi sahəsində ən qabaqcıl təcrübənin ümumiləşdirilməsi və yayılması üçün əsas platformaya çevrilib.

MDB PA DİMBİ özünün unikal müşahidə metodologiyasını hazırlayıb. İnstitut Assambleyadan olan beynəlxalq müşahidəçilərinin işinə ekspert dəstəyi verir.

Fəaliyyəti dövründə İnstitut həm MDB iştirakçısı olan dövlətlərdə, həm də Birlik xaricində, o cümlədən Serbiya Respublikası, Monqolustan, Nikaraqua Respublikası, Burundi Respublikası, Namibiya Respublikası və Uqanda Respublikasında keçirilən 123 seçki kampaniyasının (referendumlar, prezident, parlament, yerli seçkilər) monitorinqində beynəlxalq müşahidəçi qruplarının işini dəstəkləmişdir.

MDB PA DİMBİ-nin işinin analitik və elmi dəstəyində 50-dən çox mütəxəssis – Birlik və digər dövlətlərdən olan tanınmış alimlər, siyasi və ictimai xadimlər iştirak edirlər.

Sankt-Peterburq şəhərində yerləşən baş ofisi ilə yanaşı, MDB PA DİMBİ-nin bir sıra MDB ölkələrində filialları vardır. Belə ki, MDB PA DİMBİ Bakı filialı Müstəqil Dövlətlər Birliyinin iştirakçısı olan dövlətlərin Parlamentlərarası Assambleyası və Azərbaycan Respublikasının Milli Məclisi arasında 27 mart 2007-ci il tarixli Saziş əsasında demokratiyanın, parlamentarizmin inkişafı və vətəndaşların seçki hüquqlarına riayət olunması sahəsində qabaqcıl təcrübənin mübadiləsi məqsədilə yaradılmışdır.

MDB PA DİMBİ kimi Bakı filialı da MDB ölkələrində demokratiyanın, parlamentarizmin inkişafı və vətəndaşların seçki hüquqlarına riayət olunması məsələləri üzrə elmi tədqiqatlarda iştirak da daxil olmaqla, elmi fəaliyyətdə fəal iştirak edir, konfranslar, dəyirmi masalar, seminarlar təşkil edir və keçirir, keçirilmiş tədbirlərin yekunları üzrə çap materialları dərc edir.