Bakıda Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) 7-ci Zirvə Görüşü keçirilib
16 oktyabr 2026

Oktyabrın 15-də Bakıda Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) 7-ci Zirvə Görüşü keçirilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tədbirdə iştirak edən dövlət və hökumət başçılarını qarşılayıb və Zirvə Görüşündə çıxış edib.
Görüşün gündəliyindəki məsələlərdən biri Laos Xalq Demokratik Respublikasının üzv dövlət qismində AQEM-ə qoşulması haqqında qərar olub.
Prezident İlham Əliyev öz çıxışında Laos Xalq Demokratik Respublikasının AQEM-ə yeni üzv dövlət qismində qəbul olunması Müşavirənin Asiya regionunda daha inklüziv dialoq platforması kimi artan əhəmiyyətini və inkişafını göstərən önəmli hadisə kimi qiymətləndirib. Bunun məhz Azərbaycanın AQEM-ə sədrliyi dövründə Bakı Zirvə Görüşü çərçivəsində baş verməsini yüksək dəyərləndirib.
Həmçinin Prezident qeyd edib ki, Azərbaycan AQEM-ə iki il ərzində sədrliyi müddətində onun gücləndirilməsinə prioritet diqqət ayırmış və nəqliyyat, bağlantılar, rəqəmsallaşma, ətraf mühitin mühafizəsi, turizm, təhsil, elm və digər sahələrdə əməkdaşlığı fəal şəkildə təşviq etmişdir.
Bütün üzv dövlətlərin yekdil dəstəyi ilə həyata keçirilmiş müxtəlif təşəbbüslərimiz nəticəsində hazırda AQEM institusional və hüquqi baxımdan daha güclüdür. Üzvlərinin sayı genişlənmişdir və öz coğrafi məkanında təhlükəsizliyin, iqtisadi rifahın və qarşılıqlı anlayışın təşviqi naminə dialoqu və qarşılıqlı fəaliyyəti inkişaf etdirmək üçün imkanları əhəmiyyətli dərəcədə möhkəmlənmişdir.
Prezident İlham Əliyev, Azərbaycanın AQEM-ə sədirliyinin daha iki il uzadılması təklifinə dəstək verdiklərinə görə üzv dövlətlərə təşəkkür edib.
AQEM-in 7-ci Zirvə Görüşü çərçivəsində Bakı Bəyannaməsi qəbul edilib.
Sənəddə Azərbaycanın AQEM-ə sədrliyi üzv dövlətlər tərəfindən yüksək qiymətləndirilir, ölkəmizin ikiillik sədrliyi dövründə müxtəlif istiqamətlər üzrə irəli sürdüyü təşəbbüslər və təşkil etdiyi tədbirlər alqışlanır.
Bakı Bəyannaməsində beynəlxalq nizamın təşviqi, hərbi-siyasi, iqtisadi və ekoloji sahələrdə mövcud risklərə qarşı mübarizə yolları ilə bağlı konkret müddəalar əksini tapıb. Sənəddə, həmçinin dözümlülüyün və sivilizasiyalararası dialoqun təşviqinə, təhlükəsizlik və rifah naminə elm, təhsil və innovasiyalardan istifadənin genişləndirilməsinə xüsusi diqqət yetirilir. Bununla yanaşı, süni intellektin inkişafı nəticəsində yaranan imkanlar və risklər də sənəddə ön plana çəkilir.
Bəyannamədə üzv dövlətlər arasında iqtisadi əlaqələrin inkişaf etdirilməsi, nəqliyyat, enerji və rəqəmsal bağlantıların gücləndirilməsi, eləcə də enerji təhlükəsizliyinin təmin olunması ilə bağlı müddəalar da yer alır.