Azərbaycan regional əməkdaşliq sistemində: Türkmənistanda keçirilən beynəlxalq görüşlərin yekunları

10 oktyabr 2026

Azərbaycan regional əməkdaşliq sistemində: Türkmənistanda keçirilən beynəlxalq görüşlərin yekunları

2026-cı il oktyabrın 8–9-da Türkmənistan Mərkəzi Asiya, Cənubi Qafqaz və postsovet məkanının bir sıra ölkələrinin dövlət rəhbərlərini bir araya gətirən bir sıra mühüm beynəlxalq tədbirlərə ev sahibliyi etmişdir. Türkmənbaşı şəhərinin “Avaza” Milli Turizm Zonasında Azərbaycan Respublikası və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşü, Müstəqil Dövlətlər Birliyinin (MDB) Dövlət Başçıları Şurasının iclası və Xəzər Ekoloji Sammiti keçirilmişdir.

Keçirilən sammitlərin işində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iştirakı mühüm yer tutmuşdur. Beynəlxalq nəqliyyat və enerji marşrutlarının kəsişməsində yerləşən Azərbaycan Mərkəzi Asiya ölkələri ilə əməkdaşlığı ardıcıl şəkildə inkişaf etdirir, MDB çərçivəsində çoxtərəfli qarşılıqlı fəaliyyət mexanizmlərində iştirak edir və Xəzər regionunun ekoloji problemlərinin razılaşdırılmış şəkildə həllini dəstəkləyir.

Azərbaycan Respublikası və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşü ilk dəfə Azərbaycanın tamhüquqlu iştirakçı kimi təmsil olunduğu altıtərəfli formatda keçirilmişdir. Bu hadisə regional əməkdaşlığın coğrafi və siyasi çərçivələrinin genişlənməsini ifadə etmiş, Mərkəzi Asiya ilə Cənubi Qafqaz arasında artan qarşılıqlı bağlılığı, onların iqtisadi maraqlarının ümumiliyini və regional inkişaf məsələlərinin razılaşdırılmış şəkildə həllinə yönəlmiş səylərini əks etdirmişdir.

Görüşün yekununda “Azərbaycan Respublikası və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşünün Birgə Bəyanatı” və “Azərbaycan Respublikası və Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət görüşünün tənzimləyici sənədləri haqqında Qərar” imzalanmışdır. Növbəti sammitin 2027-ci ildə Azərbaycanda keçirilməsi barədə də razılıq əldə olunmuşdur.

Türkmənistanda keçirilən beynəlxalq tədbirlərin davamı olaraq oktyabrın 9-da MDB Dövlət Başçıları Şurasının iclası baş tutmuşdur. Prezident İlham Əliyev həmin iclasda iştirak etmişdir. Mərkəzi Asiya ilə Azərbaycan arasında əlaqələrin inkişafına yönəlmiş Məşvərət görüşündən fərqli olaraq, MDB sammiti dövlətlərarası əməkdaşlığın daha geniş məsələlər dairəsini əhatə etmişdir.

Birliyin 35 illik yubileyi keçirilən görüşə xüsusi əhəmiyyət verirdi. Ötən onilliklər ərzində MDB öz xarici siyasət prioritetlərini müstəqil müəyyən edən dövlətlər arasında siyasi dialoq, iqtisadi və humanitar əlaqələrin inkişafı üçün platforma kimi əhəmiyyətini qoruyub saxlamışdır.

İclasda çıxış edən Prezident İlham Əliyev MDB-nin siyasi dialoq və qarşılıqlı faydalı əməkdaşlıq baxımından əhəmiyyətini qeyd etmiş, Azərbaycanın humanitar təşəbbüslərinə diqqət yetirmişdir. O, xüsusilə Laçının 2025-ci ildə MDB-nin mədəniyyət paytaxtı elan edilməsini və ölkəmizdə III MDB Oyunlarının keçirilməsini xatırlatmışdır. Bu tədbirlər mədəni və idman əlaqələrinin inkişafına töhfə vermişdir.

Prezidentin çıxışında nəqliyyat sahəsində əməkdaşlıq məsələləri mühüm yer tutmuşdur. Dövlət başçısı Şərq–Qərb və Şimal–Cənub beynəlxalq nəqliyyat dəhlizlərinin inkişafında Azərbaycanın artan rolunu vurğulamışdır.

Dövlət başçısı MDB-də qarşıdakı sədrlik məsələlərinə də ayrıca toxunmuşdur. 2027-ci ildə Özbəkistanın sədrliyi dövründə Azərbaycanın həmsədrliyinə göstərilən dəstəyə görə minnətdarlığını bildirən İlham Əliyev ölkəmizin 2028-ci ildə ilk dəfə MDB-yə sədrlik etməyə və həmin ilin payızında Dövlət Başçıları Şurasının iclasını öz ərazisində keçirməyə hazır olduğunu bəyan etmişdir. Bu təşəbbüsün həyata keçirilməsi ölkənin çoxtərəfli əməkdaşlığın prioritetlərinin müəyyənləşdirilməsində iştirakı və birgə layihələrin irəli sürülməsi üçün əlavə imkanlar yaradacaqdır.

Sammitin yekunlarına əsasən, Birliyin fəaliyyətinin müxtəlif istiqamətlərini əhatə edən 15 sənəd qəbul edilmişdir. Qəbul edilən sənədlərin sırasında Birliyin yaranmasının 35 illiyinə həsr olunan Bəyanat da yer almışdır. Həmçinin, 2028-ci il MDB-də “Sosial inkişaf və həyat keyfiyyəti ili”, 2029-cu il isə “Nəqliyyat bağlılığı ili” elan edilmişdir.

Siyasi və iqtisadi əməkdaşlıq məsələlərinin müzakirəsinin məntiqi davamı olaraq ekoloji problemlər də Türkmənistanda keçirilən beynəlxalq tədbirlərin proqramında mühüm yer tutmuşdur. Məhz Xəzər regionunun ekoloji problemlərinə həsr edilmiş Xəzər Ekoloji Sammiti oktyabrın 9-da keçirilmiş və beş Xəzəryanı dövlətin — Azərbaycan, İran, Qazaxıstan, Rusiya və Türkmənistanın rəhbərlərini bir araya gətirmişdir.

Sammitin əsas praktiki nəticələrindən biri Xəzər dənizinin səviyyəsinin aşağı düşməsi məsələləri üzrə Komissiyanın yaradılması haqqında beştərəfli qərarın qəbul edilməsi olmuşdur. Komissiyanın fəaliyyəti dayazlaşmanın səbəblərinin müəyyənləşdirilməsinə və onun mənfi nəticələrinin aradan qaldırılması istiqamətində razılaşdırılmış tədbirlərin hazırlanmasına yönələcəkdir. Xəzəryanı dövlətlərin dövlət orqanlarının nümayəndələrinin, alim və ekspertlərinin iştirakı ilə ixtisaslaşdırılmış işçi qruplarının yaradılması da nəzərdə tutulmuşdur.

Komissiyanın ilk iclasının 2027-ci ilin birinci yarısında Azərbaycanda keçirilməsi planlaşdırılır. Həmin iclasda tərəflərin gələcək qarşılıqlı fəaliyyət qaydasını müəyyən edən Komissiyanın fəaliyyət reqlamentinin təsdiqlənməsi nəzərdə tutulur.

Türkmənistanda keçirilmiş görüşlərin nəticələri Azərbaycanın regional proseslərdə iştirakının yeni perspektivlərini müəyyən etmişdir. Mərkəzi Asiya dövlət başçılarının Məşvərət görüşləri formatında qarşıdakı sədrlik, MDB-yə ilk dəfə sədrlik etməyə hazırlığın bəyan edilməsi və Xəzər dənizinin səviyyəsinin aşağı düşməsi məsələləri üzrə Komissiyanın ilk iclasının Azərbaycanda keçirilməsinin planlaşdırılması ölkənin çoxtərəfli qarşılıqlı fəaliyyətin inkişafında artan rolunu əks etdirir. Bununla yanaşı, əldə olunmuş nəticələrin praktiki əhəmiyyəti onların ardıcıl həyata keçirilməsindən və dövlətlərin birgə fəaliyyətinin səmərəliliyindən asılı olacaqdır.