“Azərbaycan parlamentarizmi tarixində qadınlar” mövzusunda Beynəlxalq konfrans
06 oktyabr 2026

5 oktyabr 2026-cı il tarixində Müstəqil Dövlətlər Birliyinin Parlamentlərarası Assambleyasının iştirakçısı olan dövlətlərdə Demokratiyanın, parlamentarizmin inkişafının və vətəndaşların seçki hüquqlarına riayət olunmasının monitorinqi beynəlxalq institutunun Bakı filialı tərəfindən “Azərbaycan parlamentarizmi tarixində qadınlar” mövzusunda Beynəlxalq konfrans keçirilib.
Konfransda Azərbaycan Respublikası Milli Məclisinin deputatları və Aparatının rəsmiləri, MDB PA Şurası Katibliyinin rəhbərliyi, müxtəlif nazirlik və dövlət qurumlarının, Azərbaycanda fəaliyyət göstərən diplomatik nümayəndəliklərin, beynəlxalq təşkilatların, ali təhsil müəssisələrinin, qeyri-hökumət təşkilatlarının nümayəndələri və media təmsilçiləri iştirak ediblər.
Tədbir zamanı Azərbaycan parlamentarizmi tarixində qadınların fəaliyyətinə dair məruzələr dinlənilib, tarixi və müasir dövrdə qadınların parlament fəaliyyətində iştirakı ilə bağlı fikir mübadiləsi aparılıb.
Tədbiri giriş sözü ilə açan MDB PA DİMBİ Bakı filialının direktoru Ramin Rzayev tədbirin keçirilməsində əsas məqsədin Azərbaycan parlamentarizminin inkişaf tarixində qadınların rolunu və fəaliyyətini diqqətə çatdırmaq, müxtəlif tarixi dövrlərdə qadınların ictimai-siyasi və dövlət quruculuğu proseslərinə verdiyi töhfələri araşdırmaq və bu istiqamətdə Filial tərəfindən aparılan elmi-tədqiqat işinin nəticələrini ictimaiyyətə təqdim etməkdən ibarət olduğunu qeyd edib.
MDB PA Şurası Baş katibinin müavini, Azərbaycan Respublikası Milli Məclisinin MDB PA-da səlahiyyətli nümayəndəsi Aydın Cəfərov MDB PA Şurası Katibliyinin rəhbəri – Baş katib Dmitri Kobitskinin adından salamlama nitqini iştirakçıların diqqətinə çatdırıb. Eyni zamanda o, qadınların parlament fəaliyyətində iştirakının əhəmiyyətindən, müasir dövrdə onların dövlət və cəmiyyətin həyatındakı rolundan və parlamentarizmin inkişafına verdiyi töhfələrdən danışıb.
MDB PA Şurası Katibliyi rəhbərinin müavini, MDB PA DİMBİ-nin direktoru İvan Muşket, parlamentarizmin keçdiyi tarixi yolun araşdırılmasının ölkədə parlament sisteminin müxtəlif dövrlərdə necə formalaşdığını və cəmiyyətin inkişafına təsirini öyrənmək baxımından mühüm əhəmiyyətinı qeyd edib.
Tədbirdə çıxış edən Azərbaycan Respublikası Milli Məclisinin deputatları Azərbaycan parlamentarizminin müxtəlif inkişaf mərhələlərində qadınların roluna toxunaraq, qadınların qanunvericilik fəaliyyətində iştirakı, ictimai-siyasi proseslərdə fəallığı və dövlət quruculuğuna verdikləri töhfələr barədə fikirlərini bölüşüblər. Deputatlar, həmçinin qadınların parlament fəaliyyətində iştirakının tarixi və müasir aspektlərinə dair müxtəlif nümunələri diqqətə çatdırıblar.
Tədbir çərçivəsində “Azərbaycan qadınlarının dövlət və cəmiyyət quruculuğunda rolu” mövzusunda keçirilmiş inşa-yazı müsabiqəsinin qaliblərinin mükafatlandırılması mərasimi də keçirilib.
Müsabiqənin əsas məqsədi məktəblilər arasında Azərbaycan qadınlarının dövlətçilik və cəmiyyət quruculuğu tarixində roluna dair marağın artırılması, onların tarixi şəxsiyyətlər və görkəmli Azərbaycan qadınlarının fəaliyyəti barədə biliklərinin genişləndirilməsi, həmçinin gənc nəslin milli-mənəvi dəyərlərə və ölkənin tarixi irsinə bağlılığının gücləndirilməsi olub.
Müsabiqənin qaliblərinə diplom və xatirə hədiyyələri təqdim olunub.