Azərbaycan dövlət müstəqilliyinin bərpasının 35-ci ildönümünü qeyd edir

18 oktyabr 2026

Azərbaycan dövlət müstəqilliyinin bərpasının 35-ci ildönümünü qeyd edir

Bu gün Azərbaycan dövləti müstəqilliyinin bərpasının 35-ci ildönümünü qeyd edir. 1991-ci il oktyabrın 18-də qəbul edilən “Dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktı Azərbaycanın müasir tarixində yeni mərhələnin başlanğıcını qoyub.

Konstitusiya Aktında 1918-ci il 28 may tarixli İstiqlal Bəyannaməsinə və “Azərbaycan Respublikasının dövlət müstəqilliyini bərpa etmək haqqında” Azərbaycan Respublikası Ali Sovetinin 1991-ci il 30 avqust tarixli Bəyannaməsinə istinad olunub və Azərbaycan Respublikasının Azərbaycan Xalq Cümhuriyyətinin varisi olduğu təsbit edilib.

Azərbaycan parlamentinin 15 oktyabr 2021-ci il tarixli plenar iclasında isə “Müstəqillik Günü haqqında” yeni qanun qəbul edilib. Elə həmin gün də Prezident İlham Əliyev tərəfindən “Müstəqillik Günü haqqında” qanun təsdiqlənib.

 Qanunun təsdiqlənməsi ilə 18 Oktyabr – Dövlət Müstəqilliyi Gününün adı dəyişdirilərək Müstəqilliyin Bərpası Günü elan edilib.

Müstəqilliyin bərpasından ötən dövr ərzində Azərbaycan mürəkkəb sınaqlardan keçərək siyasi, iqtisadi və hərbi baxımdan güclənib, ərazi bütövlüyünü və dövlət suverenliyini tam bərpa edərək beynəlxalq münasibətlər sistemində mövqelərini möhkəmləndirib.