Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərin monitorinqinin nəticələrinə dair MDB müşahidəçilər missiyasının yekun mətbuat konfransı

02 sentyabr 2024

Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərin monitorinqinin nəticələrinə dair MDB müşahidəçilər missiyasının yekun mətbuat konfransı

Bakıda Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərin monitorinqinin nəticələrinə dair MDB-dən olan müşahidəçilər missiyasının yekun mətbuat konfransı keçirilib. 

MDB-dən olan müşahidəçilər missiyası belə nəticəyə gəlib ki, Azərbaycanın seçki qanunvericiliyi səsvermənin gizliliyini təmin etməklə ümumi, bərabər, birbaşa seçki hüququ əsasında parlament seçkilərinin təşkilinə və keçirilməsinə imkan verib. Eyni zamanda, seçki orqanları demokratik seçkilərin keçirilməsi prinsiplərinə uyğun olaraq, vətəndaşların iradəsinin azad ifadə edilməsi hüququnun həyata keçirilməsi üçün şərait təmin ediblər. Bu rəy 2 sentyabr 2024-cü ildə Bakıda keçirilmiş yekun mətbuat konfransında MDB müşahidəçilər missiyasının rəhbəri Leonid Anfimov tərəfindən səsləndirilib.

Demokratik seçkilərin standartlarına uyğunluğunun təhlili göstərdi ki, Azərbaycan Respublikasının Konstitusiyası və Seçki Məcəlləsi, habelə onların əsasında qəbul edilmiş normativ hüquqi aktlar seçicilərin səsvermə zamanı iradələrini azad ifadə etmələri üçün şərait yaradan müddəaları və prinsipləri təsbit edir. Missiyanın fikrincə, seçki qanunvericiliyi beynəlxalq hüququn ümumi qəbul edilmiş prinsip və normalarına cavab verir və açıq, azad və demokratik seçkilərin keçirilməsini təmin etməyə imkan verir.

MDB PA-dan beynəlxalq müşahidəçilər qrupunun koordinatoru, Rusiya Federasiyası Federal Məclisinin Federasiya Şurası sədrinin birinci müavini Andrey Yatskin Assambleyanın monitorinq qrupunun müşahidənin nəticələrinə əsasən gəldiyi nəticələrdən danışıb.

O qeyd edib ki, Azərbaycan Milli Məclisinə seçkilər ilk dəfə respublikanın bütün ərazisində seçki prosesinin bütün iştirakçılarının hüquq və azadlıqlarına riayət olunmaqla, ölkənin Konstitusiyasında və seçki qanunvericiliyində yer alan azad və ədalətli seçkilərin təşkili və keçirilməsi üçün hamı tərəfindən qəbul edilmiş demokratik prinsiplərə, normalara uyğun keçirilib.

Koordinator əlavə edib ki, seçki kampaniyası fəal rəqabət şəraitində keçirilib və müşahidəçilərə monitorinqin həyata keçirilməsi üçün hər cür şərait yaradılıb.

Assambleyadan olan müşahidəçilər qrupunun tərkibində Belarus, Qazaxıstan, Qırğızıstan, Rusiya, Tacikistan və Özbəkistandan olan parlamentarilər, həmçinin MDB PA-nın Demokratiyanın inkişafının monitorinqi Beynəlxalq institutunun ekspertləri də çalışıblar.