“Tavriya” Beynəlxalq Gənclər diskussiya klubunun iclası
18 fevral 2026

Fevral ayının 18-də MDB Parlamentlərarası Assambleyasının qərargahında “Müasir seçki texnologiyaları və onların seçki mədəniyyətinin inkişafına təsiri” mövzusunda “Tavriya” Beynəlxalq Gənclər diskussiya klubunun iclası keçirilib.
Tədbir MDB PA-nın Demokratiyanın inkişafının monitorinqi beynəlxalq institutunun 20 illiyinə həsr olunmuş “Seçkilər və referendum institutuna etimadın formalaşdırılması: beynəlxalq müşahidənin rolu” Beynəlxalq elmi-praktik konfransı çərçivəsində keçirilib.
Çıxışlardan sonra iştirakçılar açıq diskussiyaya keçiblər. Müzakirəyə videokonfrans vasitəsilə Rusiya Federasiyası, Belarus Respublikası və Tacikistan Respublikası universitetlərinin tələbələri qoşulub. Azərbaycandan İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Bakı filialı və Qərbi Kaspi Universitetinin tələbələri iştirak ediblər.
Müzakirənin birinci hissəsi seçki mədəniyyətinin formalaşmasının hansı yaşda başlaması və onun inkişafının hansı metodlarının – maarifləndirici, təhsil və ya praktik – ən səmərəli işləməsi ilə bağlı məsələlərə həsr olunub. İştirakçılar müasir texnologiyaların bu mədəniyyətin güclənməsinə nə dərəcədə töhfə verməsini və ya əksinə mane olmasını müzakirə ediblər.
Diskussiyanın ikinci hissəsində seçicilərin rəqəmsal savadlılığının rolu və rəqəmsal platformaların, medianın və siyasi strateqlərin etik məsuliyyəti müzakirə edildi. Tədbir ədalətli seçkilər haqqında – bunun praktikada nə demək olduğunu və ədalət anlayışının seçki mədəniyyətinin yetkinlik səviyyəsi ilə necə əlaqəli olduğunu müzakirə etməklə başa çatıb.
Qeyd edək ki, MDB PA DİMBİ Bakı filialının əməkdaşları da videokonfrans əlaqə sistemindən istifadə edilməklə tədbirdə iştirak ediblər.