Milli Məclisdə görüş
21 may 2026

Mayın 21-də Bakıda keçirilən BMT-nin Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü sessiyasında (WUF13) iştirak edən MDB PA nümayəndələri – Rusiya Federasiyası Federal Məclisinin Dövlət Dumasının deputatı Aleksey Lavrinenko, Özbəkistan Respublikası Qanunvericilik palatasının deputatı Boriy Alikhanov, MDB PA Şurası Katibliyinin ekspert və analitik idarəsinin model qanunvericiliyin təmin edilməsi şöbəsinin müşaviri Nataliya Amburtseva və MDB PA DİMBİ Bakı filialının direktoru Ramin Rzayev ilə Milli Məclisin Müstəqil Dövlətlər Birliyinin iştirakçısı olan dövlətlərin Parlamentlərarası Assambleyasında (MDB PA) nümayəndə heyətinin üzvləri Mübariz Qurbanlı və Göydəniz Qəhrəmanov arasında görüş keçirilib.
Qonaqları salamlayan Milli Məclisin deputatları ölkəmizdə keçirilən WUF13 forumunun əhəmiyyətindən, eləcə də Azərbaycanda urbanizasiya sahəsində həyata keçirilən islahatlardan və görülən işlərdən danışıblar.
Söhbət zamanı Azərbaycanın MDB PA-da fəaliyyəti, parlamentlərarası əməkdaşlıq əlaqələrinin inkişafı və bu istiqamətdə aparılan işlər diqqət mərkəzində olub. Milli Məclisin sədri Sahibə Qafarovanın MDB PA-nın Şura iclasında və 60-cı plenar sessiyada iştirak etmək məqsədilə Rusiya Federasiyasına etdiyi səfərin əhəmiyyəti vurğulanıb. MDB PA ilə Milli Məclis arasında səmərəli əməkdaşlığa da toxunulub.
Görüşdə qeyd olunub ki, bu cür platformalar üzv ölkələr arasında dialoqun gücləndirilməsinə, qanunvericilik sahəsində təcrübə mübadiləsinə və regional əməkdaşlığın daha da genişlənməsinə mühüm töhfə verir.