Milli Məclisin sədri Sahibə Qafarova MDB PA-nın 60-cı plenar iclasında çıxış edib

23 may 2026

Milli Məclisin sədri Sahibə Qafarova MDB PA-nın 60-cı plenar iclasında çıxış edib

Milli Məclisin sədri Sahibə Qafarova Rusiya Federasiyasının Sankt-Peterburq şəhərinə işgüzar səfəri çərivəsində mayın 22-də MDB Parlamentlərarası Assambleyasının (MDB PA) 60-cı plenar iclasında iştirak edib.

İclasda çıxış edən Milli Məclisin sədri Assambleyanın qanunverici orqanlarımız arasında dialoq və əməkdaşlığın inkişafında mühüm rolunu, qarşılıqlı maraq doğuran geniş spektrli məsələlərin müzakirəsi üçün platforma kimi çıxış etdiyini vurğulayıb. Spiker Sahibə Qafarova bu baxımdan, Assambleya tərəfindən həm müntəzəm qaydada tədbirlərin, iclasların və seminarların keçirilməsinin, həm də onun yeni uğurlu ideya və təşəbbüslərinin reallaşdırılmasının əhəmiyyətini qeyd edib.

Çıxışında Bakıda BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası haqqında tədbir iştirakçılarına məlumat verən Milli Məclisin sədri qeyd edib ki, 17-22 may tarixlərində Bakıda keçirilən BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası şəhərlərin davamlı inkişafı və urbanizasiya məsələlərinə həsr olunmuş ən nüfuzlu və qlobal beynəlxalq tədbirlərdən biridir. Bildirilib ki, Bakıda keçirilən 13-cü sessiya BMT-nin Məskunlaşma Proqramı tərəfindən indiyədək təşkil edilmiş ən genişmiqyaslı sessiyadır və 182 ölkədən rekord sayda - 45 000-dən çox iştirakçı qeydiyyatdan keçib.

Milli Məclisin sədri bildirib ki, 13-cü sessiya çərçivəsində Parlamentlərarası Assambleyanın “Dağ yaşayış məntəqələrinin davamlı inkişafı” mövzusunda ayrıca tədbiri keçirilib. Assambleyanın bu təşəbbüsünün bir çox Birlik ölkələri üçün xüsusi əhəmiyyət kəsb edən dağ ərazilərinin inkişafına diqqəti yönəltməyə, habelə məzmunlu və konkret təcrübə mübadiləsi aparmağa imkan verdiyi qeyd olunub. Ölkələrimizin parlamentarilərinin bu müzakirələrdə fəal iştirak etməsinin məmnunluq doğurduğu diqqətə çatdırılıb.

Çıxışında, həmçinin MDB PA-nın seçkilərlə bağlı monitorinq fəaliyyətinə toxunan Milli Məclisin sədri qurumun bu fəaliyyətinin institusional təminatında MDB PA-nın Demokratiyanın, parlamentarizmin inkişafı və vətəndaşların seçki hüquqlarına riayət olunmasının monitorinqi üzrə Beynəlxalq İnstitutunun və Bakı filialının rolunu qeyd edib.

Spiker Sahibə Qafarova xatırladıb ki, 8 dekabr 2025-ci il tarixində Milli Məclis və Beynəlxalq İnstitutun Bakı filialının birgə təşkilatçılığı ilə “Heydər Əliyev – suveren Azərbaycanın konstitusionalizminin və parlamentarizminin banisi” mövzusunda beynəlxalq konfrans keçirilib. Konfrans Azərbaycan Respublikasının Konstitusiyasının 30 illiyinə və Azərbaycan parlamentinin 107 illiyinə həsr olunub. Bu konfrans Birlik ölkələrinin parlamentarilərini, MDB PA Şurası Katibliyinin rəhbərliyini, diplomatik korpusun nümayəndələrini, ali təhsil müəssisələrini və ekspertləri bir araya gətirib.

Bir müddət öncə isə, mayın əvvəlində Bakı filialının inzibati binasında MDB PA-nın Demokratiyanın inkişafının monitorinqi üzrə Beynəlxalq İnstitutunun 20 illiyinə həsr olunmuş “Parlamentarilərin beynəlxalq müşahidədə rolu” mövzusunda dəyirmi masa keçirilib.

Çıxışına yekun vuran Milli Məclisin sədri bildirib ki, MDB PA bu gün də parlamentlər arasında müntəzəm qarşılıqlı fəaliyyətin effektiv platforması rolunu etimadla davam etdirir. Spiker Assambleya çərçivəsində əməkdaşlığın müxtəlif istiqamətlərdə daha da genişləndirilməsi və möhkəmləndirilməsi üçün gələcəkdə də birgə səylərin davam etdiriləcəyinə əminliyini ifadə edib.