MDB PA DİMBİ Bakı filialının direktoru TÜRKPA Beynəlxalq Katibliyini ziyarət edib
05 mart 2026

5 mart 2026-cı il tarixində Türk dövlətləri Parlament Assambleyasının (TÜRKPA) ofisində MDB PA DİMBİ Bakı filialının və TÜRKPA-nın əməkdaşlarının görüşü keçirilib.
MDB PA Demokratiyanın inkişafının monitorinqi beynəlxalq institutunun Bakı filialının direktoru Ramin Rzayev səmimi qəbula və qonaqpərvərliyə görə Türk dövlətləri Parlament Assambleyasının (TÜRKPA) Baş katibi Ramil Həsənə təşəkkürünü bildirərək, MDB PA DİMBİ-nin direktoru vəzifəsinə təyin olunduqdan sonra ilk rəsmi görüşünü məhz TÜRKPA Beynəlxalq Katibliyinə səfərlə başladığını qeyd edib.
TÜRKPA-nın beynəlxalq aləmdə strateji əhəmiyyətini və artan rolunu vurğulayan R. Rzayev təşkilatın fəal fəaliyyətini və dinamik inkişafını qeyd edib.
Öz növbəsində, Baş katib TÜRKPA ilə MDB PA arasında mövcud olan uzunmüddətli tərəfdaşlığı vurğulayıb və bu yaxınlarda Bəhreyn Krallığının Manama şəhərində keçirilmiş Asiya Parlament Assambleyasının 16-cı plenar sessiyası çərçivəsində MDB PA-nın Baş katibi Dmitri Kobitski ilə keçirdiyi görüş barədə məlumat verib.
Görüşdə Tərəflər cari və gələcək fəaliyyətləri barədə müzakirə ediblər. Gələcəkdə əməkdaşlığın dərinləşdirilməsi və birgə layihələrin həyata keçirilməsi perspektivləri nəzərdən keçirilib.
Tərəflər TÜRKPA ilə MDB PA arasında mövcud olan uzunmüddətli tərəfdaşlığın daha da möhkəmləndirilməsi və əlaqələrin inkişaf etdirilməsi istiqamətində səyləri dəstəkləməyə hazır olduqlarını ifadə ediblər.