MDB PA DİMBİ Bakı filialının direktoru MDB PA-nın Demokratiyanın inkişafının monitorinqi beynəlxalq institutunun 20 illiyinə həsr olunmuş plenar iclasda iştirak edib
25 fevral 2026

Fevral ayının 20-də Tavriya sarayında MDB PA-nın Demokratiyanın inkişafının monitorinqi beynəlxalq institutunun 20 illiyinə həsr olunmuş “Seçkilər və referendum institutuna etimadın formalaşdırılması: beynəlxalq müşahidənin rolu” Beynəlxalq elmi-praktik konfransın plenar iclası keçirilib.
Konfrans parlamentariləri, beynəlxalq təşkilatların, dövlət hakimiyyət orqanlarının və seçki komissiyalarının, ictimai təşkilatların rəhbərlərini və nümayəndələrini, həmçinin MDB iştirakçısı olan dövlətlərdən və dünyanın digər bölgələrindən olan alim və ekspertləri bir araya gətirdi. Azərbaycan Respublikasını Azərbaycan Respublikası Milli Məclisinin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Sabir Hacıyev, MDB PA Şurası Baş katibinin müavini – Azərbaycan Respublikası Milli Məclisinin MDB PA-da səlahiyyətli nümayəndəsi Aydın Cəfərov, MDB PA DİMBİ Bakı filialının direktoru Ramin Rzayev təmsil ediblər.
MDB Parlamentlərarası Assambleyası Şurasının sədri və Rusiya Federasiyası Federal Məclisi Federasiya Şurasının sədri Valentina Matviyenko tədbir iştirakçılarına təbrik ünvanlayıb. O qeyd edib ki, institut seçkilərin və referendumların beynəlxalq müşahidəsinin elmi əsaslı metodologiyasının işlənib hazırlanması və praktiki həyata keçirilməsi üçün nüfuzlu mərkəzə çevrilib.
Tədbirdə həmçinin, MDB İqtisad Məhkəməsinin sədri German Nurbayevin, Şanxay Əməkdaşlıq Təşkilatının Baş katibi Nurlan Yermekbayevin, Belarus Respublikası Konstitusiya Məhkəməsinin sədri Sergey Sivetsin, Rusiya Federasiyası Konstitusiya Məhkəməsinin sədri Valeri Zorkinin və MDB-nin Baş katibi Sergey Lebedevin də təbrikləri səsləndirilib.
Tədbirdə Rusiya Federasiyası, Belarus Respublikası, Qazaxıstan Respublikası, Tacikistan Respublikası, Özbəkistan Respublikası, Qırğız Respublikası Mərkəzi Seçki Komissiyalarının sədrləri, eləcə də Türkiyə Respublikası Ali Seçki Şurasının sədri və Serbiya Respublikası Respublika Seçki Komissiyasının sədri də iştirak edib və çıxış ediblər.
Tədbirə MDB Parlamentlərarası Assambleya Şurası Katibliyi rəhbərinin müavini, MDB PA DİMBİ direktoru İvan Muşket moderatorluq edib. İclası MDB Parlamentlərarası Assambleya Şurasının Baş katibi Dmitri Kobitski yekunlaşdırıb.
MDB PA DİMBİ-nin 20 illiyi ilə bağlı keçirilən iclas çərçivəsində MDB PA DİMBİ Bakı filialının kollektivi səmərəli fəaliyyətinə və MDB iştirakçısı olan dövlətlərin Parlamentlərarası Assambleyasının fəaliyyətinin təmin olunmasına verdiyi böyük töhfəyə görə Fəxri Diplomla təltif edilib.