MDB PA-dan olan beynəlxalq müşahidəçilər Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının sədri ilə görüşüblər
31 avqust 2024

MDB Parlamentlərarası Assambleyasından olan beynəlxalq müşahidəçilər parlament seçkilərinin monitorinqi çərçivəsində Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahovla görüşüblər.
Qrupun koordinatoru, Rusiya Federasiyası Federal Məclisinin Federasiya Şurasının birinci vitse-spikeri Andrey Yatskin MDB PA-dan olan müşahidəçilərin akkreditasiyasına görə MSK-nın rəhbərinə təşəkkür edib.
Məzahir Pənahov bildirib ki, ümumilikdə parlament seçkilərinə 600-dən çox beynəlxalq və 112,7 mindən çox yerli müşahidəçi akkreditə olunub (hər məntəqə üçün 20-yə yaxın) – qeydiyyatdan imtina olmayıb.
Ölkə üzrə 1000 seçki məntəqəsi təkmilləşdirilmiş veb-kameralarla təchiz olunub. “MSK-nın saytına daxil olaraq, bu məntəqələrdə səsvermənin necə getdiyini dünyanın istənilən yerindən görə bilərsiniz”, – deyə komissiyanın rəhbəri vurğulayıb.
Seçici siyahılarında 6 421 960 respublika vətəndaşı var. Seçkilərdə 990 namizəd mübarizə aparacaq, onlardan 33-ü 25 yaşınadək vətəndaşlardır. Məzahir Pənahov bildirib ki, gənc namizədlər sosial şəbəkələrin və messencerlərin istifadəsinə vurğu edərək fəal təşviqat kampaniyası aparıblar.
Qrupun koordinatoru Andrey Yatskin MSK rəhbərinə uzunmüddətli müşahidənin nəticələrini və MDB PA-nın Demokratiyanın inkişafının monitorinqi beynəlxalq İnstitutunun ekspertlərinin rəyini təqdim edib.
Görüş çərçivəsində, seçkilərlə bağlı müxtəlif məsələlər ətrafında fikir mübadiləsi və müzakirələr aparılıb.