“Beynəlxalq müşahidədə parlamentarilərin rolu” mövzusunda dəyirmi masa keçirildi

07 may 2026

“Beynəlxalq müşahidədə parlamentarilərin rolu” mövzusunda dəyirmi masa keçirildi

Bu gün MDB PA DİMBİ Bakı filialının inzibati binasında Müstəqil Dövlətlər Birliyinin Parlamentlərarası Assambleyasının iştirakçısı olan dövlətlərdə Demokratiyanın, parlamentarizmin inkişafının və vətəndaşların seçki hüquqlarına riayət olunmasının monitorinqi beynəlxalq institutunun (MDB PA DİMBİ) 20 illiyinə həsr olunan “Beynəlxalq müşahidədə parlamentarilərin rolu” mövzusunda dəyirmi masa keçirildi.

Tədbirin keçirilməsində məqsəd MDB Parlamentlərarası Assambleyasının Demokratiyanın inkişafının monitorinqi beynəlxalq institutunun 20 illik fəaliyyəti ərzində əldə olunmuş təcrübə və nəticələrin müzakirəsi, seçki proseslərinin müşahidəsi sahəsində əməkdaşlığın daha da gücləndirilməsi, həmçinin bu istiqamətdə gələcək perspektivlərin müəyyən edilməsidir.

Tədbirdə Azərbaycan Respublikasının Milli Məclisinin deputatları, Mərkəzi Seçki Komissiyasının, yerli özünüidarəetmə orqanlarının və qeyri-hökumət təşkilatlarının nümayəndələri iştirak ediblər.  

Dəyirmi masanı giriş sözü ilə açan MDB PA DİMBİ Bakı filialının direktoru Ramin Rzayev iştirakçılara MDB PA Demokratiyanın inkişafının monitorinqi beynəlxalq institutunun 20 il ərzində həyata keçirdiyi fəaliyyət, əldə olunmuş nəticələr və toplanmış təçrübə barədə məlumat vermişdir.

MDB PA Şurası Baş katibinin müavini, Azərbaycan Respublikası Milli Məclisinin MDB PA-da səlahiyyətli nümayəndəsi Aydın Cəfərov qonaqları MDB PA Şurasının Katibliyi adından salamladı və MDB PA DİMBİ-nin yaradılmasının tarixi və görülmüş işlər barədə qısa məlumat verdi.

Azərbaycan Respublikası Milli Məclisinin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvləri Nizami Səfərov və Əminə Ağazadə Milli Məclis və Müstəqil Birliyinin Dövlətlər iştirakçısı olan dövlətlərin Parlamentlərarası Assambleyası arasında mövcud əməkdaşlıq barəsində məlumat veriblər

Tədbir çərçivəsində iştirakçılar tərəfindən mövzü ətrafında fikir mübadiləsi aparılıb, beynəlxalq müşahidə təcrübəsi və bu sahədə aktual məsələlər müzakirə olunub.