Bakıda II Azərbaycan – Özbəkistan Parlamentlərarası Forumu keçirilib
26 noyabr 2026

2026-cı il noyabrın 25–26-da Bakıda Azərbaycan–Özbəkistan ikinci Parlamentlərarası Forumu keçirilib.
Forumda hər iki ölkənin parlamentlərinin deputatları, ixtisaslaşmış komitə və komissiyaların rəhbərləri, habelə regional şuraların nümayəndələri iştirak ediblər.
Tədbirdə çıxış edən Milli Məclisin Sədri Sahibə Qafarova Azərbaycan və Özbəkistan parlamentləri arasında etimad və qarşılıqlı hörmətə əsaslanan dialoqu yüksək qiymətləndirib. Spiker qeyd edib ki, ikinci forumun Bakıda keçirilməsi bu dialoq formatının inkişaf etdirilməsinə və əldə edilən razılaşmaların praktiki şəkildə həyata keçirilməsinin təmin edilməsinə qarşılıqlı sadiqliyi nümayiş etdirir.
Özbəkistan Respublikası Ali Məclisinin Senatının sədri Tаnzila Narbayeva öz çıxışında iki ölkə parlamentləri arasında əməkdaşlığın daha da möhkəmləndirilməsi, profil komitələri arasında birbaşa əlaqələrin qurulması və ikitərəfli sazişlərin icrasının təmin edilməsində parlamentlərin iştirakının gücləndirilməsi məsələlərinə toxunub.
Forum çərçivəsində Azərbaycan Respublikası Milli Məclisinin və Özbəkistan Respublikası Ali Məclisinin parlamentlərarası əməkdaşlıq komissiyasının birinci iclası da keçirilib.
Forum çərçivəsində keçirilən üç panel sessiyasında Ali Dövlətlərarası Şuranın qərarlarının icrası, ticarət-iqtisadi və mədəni-humanitar əməkdaşlığın inkişafı, parlamentlərin ixtisaslaşmış komitələri arasında qarşılıqlı əlaqələrin möhkəmləndirilməsi, ikitərəfli ticarətdə mövcud maneələrin aradan qaldırılması, həmçinin turizm, təhsil və mədəniyyət sahələrində əlaqələrin genişləndirilməsi məsələləri müzakirə olunub
Forumun yekunlarına əsasən, iki mühüm sənəd – Bakı Bəyannaməsi və “Parlamentlərarası əməkdaşlığın inkişaf etdirilməsi üzrə 2027–2028-ci illər üçün praktiki tədbirlər planı”nın (“Yol xəritəsi”) qəbul edilib. Bu sənədlər Xivə Bəyannaməsinin davamı olmaqla, qarşıdakı iki il ərzində iki ölkənin parlamentləri arasında əməkdaşlığın əsas istiqamətlərini müəyyən edib.
Rəsmi hissədən sonra Forum Azərbaycanın və Özbəkistanın incəsənət xadimlərinin çıxışlarından ibarət bədii hissə ilə davam edib.
Qeyd edək ki, MDB PA DİMBİ Bakı filialının direktoru Ramin Rzayev də Forumda iştirak edib.