MDB PA-dan olan beynəlxalq müşahidəçilər YAP-ın nümayəndələri ilə görüş keçirdilər.

22 yanvar 2024

MDB PA-dan olan beynəlxalq müşahidəçilər YAP-ın nümayəndələri ilə görüş keçirdilər.

22 yanvar 2024-cü il tarixdə Yeni Azərbaycan Partiyası (YAP) Sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov ilə Müstəqil Dövlətlər Birliyinin iştirakçısı olan dövlətlərin Parlamentlərarası Assambleyası (MDB PA) Şurası Katibliyi rəhbərinin müavini, MDB PA-nın iştirakçısı olan dövlətlərdə Demokratiyanın, parlamentarizmin inkişafının və vətəndaşların seçki hüquqlarına riayət olunmasının monitorinqi beynəlxalq institutunun (DİMBİ) direktoru İvan Muşket və 2024-cü il fevralın 7-nə təyin edilmiş Azərbaycan Respublikası Prezidenti seçkiləri ilə əlaqədar MDB PA-nın müşahidə missiyasının digər üzvləri ilə onlayn formatda görüş keçirilib.

İvan Muşket MDB PA müşahidə missiyasının tərkibi və fəaliyyəti barədə məlumat verib, keçiriləcək seçkilərə hazırlıq prosesini öyrənmək məqsədilə bu cür görüşlərin əhəmiyyətini vurğulayıb.

YAP Sədrinin müavini Tahir Budaqov Yeni Azərbaycan Partiyasının seçkilərə hazırlıq işləri haqqında məlumat verib. O, hazırda seçkiqabağı təşviqat kampaniyasının seçki qanunvericiliyi əsasında uğurla davam etdirildiyini vurğulayaraq yerli və beynəlxalq müşahidəçilərə seçki prosesinin bütün mərhələlərini izləmək üçün zəruri şəraitin yaradıldığını bildirib. Tahir Budaqov Azərbaycanın kifayət qədər geniş seçki təcrübəsinə malik olduğunu, qarşıdan gələn prezident seçkilərinin də azad, şəffaf və demokratik şəraitdə baş tutması üçün bütün namizədlərə bərabər imkanların yaradıldığını diqqətə çatdırıb.

Sonra YAP Sədrinin müavini müşahidəçi qrupu üzvlərinin ölkədəki seçki mühiti, partiyanın seçkilərə hazırlıq tədbirləri və bir sıra digər məsələlər barədə suallarını cavablandırıb, missiyanın fəaliyyətinə uğurlar arzulayıb.

Görüşdə MDB PA Şurası Baş katibinin müavini – Azərbaycan Respublikası Milli Məclisinin səlahiyyətli nümayəndəsi Aydın Cəfərov, MDB PA DİMBİ Bakı filialının direktoru Ramin Rzayev, MDB PA DİMBİ Bişkek filialının direktoru İslambek Mursabekov, MDB PA DİMBİ ekspertləri Anatoli Boyaşov, Stanislav Epifantsev və Roman Romaşov, həmçinin MDB PA DİMBİ-nin əməkdaşları iştirak ediblər.