Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov ilə Müstəqil Dövlətlər Birliyi Parlament Assambleyasının müşahidə missiyasının üzvləri görüşüb

05 fevral 2024

Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov ilə Müstəqil Dövlətlər Birliyi Parlament Assambleyasının müşahidə missiyasının üzvləri görüşüb

Fevralın 5-də Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov növbədənkənar prezident seçkilərini izləmək üçün Azərbaycanda səfərdə olan Müstəqil Dövlətlər Birliyi Parlament Assambleyasının (MDB PA) müşahidə missiyasının rəhbəri, Qazaxıstan Parlamenti Senatının sədr müavini, MDB PA beynəlxalq müşahidəçilərinin qrup koordinatoru Jakip Asanovun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

MSK-nın sədri Məzahir Pənahov budəfəki seçkilərin, xüsusilə prezident seçkilərinin Azərbaycanın bütün ərazilərini əhatə etməsi ilə əlamətdar olduğunu deyib.

Məzahir Pənahov Azərbaycan Prezidenti seçkilərində, o cümlədən seçkilərin ilk dəfə keçiriləcəyi ərazilərdə səsvermənin necə təşkil olunacağından danışıb. Komissiya sədrinin sözlərinə görə, dövlət başçısı vəzifəsinə 17 nəfər namizədliyini irəli sürüb, yeddi namizəd ölkənin bütün bölgələrində 40 min imza toplaya bilib.

MSK rəhbəri qeyd edib ki, seçkilərin monitorinqini 90 mindən çox, o cümlədən 14 partiyadan olan müşahidəçi aparacaq. Komissiya tərəfindən 790 beynəlxalq müşahidəçi akkreditə olunub. 1000-ə yaxın seçki məntəqəsi videomüşahidə ilə təchiz olunub.

Bildirib ki, seçkilərə hazırlıq Azərbaycan Seçki Məcəlləsinin tələblərinə uyğun aparılıb, seçicilərin rahat səs verə bilmələri üçün hərtərəfli şərait yaradılıb.

MSK sədri Azərbaycanın MDB-nin üzv dövlətləri ilə sıx əlaqələrinin olduğunu qeyd edib.

MDB PA-nın müşahidə missiyasının rəhbəri Jakip Asanov prezident seçkilərində Azərbaycan xalqına və dövlətinə uğurlar arzulayıb. Missiya rəhbəri seçkilərin ölkə qanunvericiliyinin tələblərinə uyğun, beynəlxalq standartlar çərçivəsində aparılacağına inandıqlarını deyib. Vurğulayıb ki, onlar Azərbaycan xalqının düzgün seçim edəcəyinə və ölkənin tərəqqisi, rifahı üçün layiqli namizədə səs verəcəklərinə əmindirlər.

O, seçkilərə hazırlığın yüksək səviyyədə təşkil edildiyini və seçki qanunvericiliyinin beynəlxalq standartlara uyğun olduğunu vurğulayıb.

MDB Parlamentlərarası Assambleya Şurasının Baş katibi Dmitri Kobitski Azərbaycanda olmaqdan, seçkiləri izləməkdən məmnunluğunu ifadə edərək, fevralın 7-də keçiriləcək prezident seçkilərinin yüksək səviyyədə təşkili üçün bütün şəraitin yaradıldığını diqqətə çatdırıb.

Görüşdə tərəfləri maraqlandıran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.

Qeyd edəkki, Azərbaycanda prezident seçkilərinin monitorinqində MDB PA-dan olan 38 müşahidəçi – Belarus, Qazaxıstan, Qırğızıstan, Rusiya, Tacikistan və Özbəkistandan olan deputatlar və senatorlar, Assambleyanın vəzifəli şəxsləri və Demokratiyanın inkişafının monitorinq beynəlxalq İnstitutunun ekspertləri iştirak edirlər.