Bu gün Azərbaycanda Zəfər günü qeyd olunur
08 noyabr 2026

8 Noyabr - Azərbaycanda Zəfər Günü kimi qeyd olunur
Prezident İlham Əliyevin 2020-ci il dekabrın 3-də imzaladığı “Azərbaycan Respublikasında Zəfər Gününün təsis edilməsi haqqında” sərəncama əsasən 8 Noyabr Azərbaycanda Zəfər Günüdür.
2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin cəbhəboyu genişmiqyaslı təxribat törətməsinə cavab olaraq Azərbaycan Ordusu sonradan “Dəmir yumruq” adlandırılan əks-hücum əməliyyatına başladı.
44 gün davam edən hərbi əməliyyatlar nəticəsində Müzəffər Azərbaycan Ordusu oktyabrın 3-də Tərtər rayonunun Suqovuşan qəsəbəsini, oktyabrın 4-də Cəbrayıl şəhərini, oktyabrın 9-da Xocavənd rayonunun Hadrut qəsəbəsini, oktyabrın 17-də Füzuli şəhərini, oktyabrın 20-də Zəngilan şəhərini, oktyabrın 25-də Qubadlı şəhərini, noyabrın 8-də isə Şuşa şəhərini işğaldan azad edib, ümumilikdə 300-dən çox yaşayış məntəqəsi, həmçinin Ağdərə, Murovdağ və Zəngilan istiqamətlərində mühüm strateji yüksəkliklər işğaldan azad olunub.
Beləliklə 44 gün davam edən Vətən müharibəsi təxminən otuzillik işğala son qoyulması, ərazi bütövlüyümüzün bərpası və Ermənistanın siyasi-hərbi rəhbərliyinin kapitulyasiya aktına imza atması ilə nəticələndi.