Qazaxıstan Respublikası Parlament Məclisinin sədri ilə görüş keçirildi

13 mart 2026

Qazaxıstan Respublikası Parlament Məclisinin sədri ilə görüş keçirildi

2026-cı il martın 13-də MDB Parlamentlərarası Assambleyasından olan beynəlxalq müşahidəçilər qrupunun koordinatoru, Azərbaycanın Milli Məclisinin vitse-spikeri Ziyafət Əsgərov və MDB PA Şurasının Baş katibi Dmitri Kobitski Parlament Məclisinin sədri Yerlan Koşanovla Qazaxıstanda keçiriləcək konstitusiya referendumuna hazırlığın gedişini müzakirə ediblər.  

Parlamentin aşağı palatasının sədri təklif olunan dəyişikliklərin mahiyyəti, o cümlədən yeni Konstitusiya layihəsi qazaxıstanlılar tərəfindən təsdiqlənərsə, hakimiyyətin qanunvericilik qolunda islahatların Qazaxıstanın gələcək demokratik inkişafına necə təsir edəcəyi barədə məlumat verib.  

Spiker vurğulayıb: hazırkı referendum son beş ildə keçirilən üçüncü referendumdur. Taleyüklü qərarlar xalqla birlikdə qəbul edilir. Bu cür yanaşma cəmiyyətdə yeni siyasi mədəniyyət formalaşdırıb və vətəndaş fəallığını artırıb.

Ziyafət Əsgərov Parlament Məclisinin sədrini əmin edib ki, MDB Parlamentlərarası Assambleyasından olan müşahidəçilər ümumxalq səsverməsinin monitorinqini qərəzsiz və dürüst aparacaqlar və rəy hazırlayarkən yalnız faktiki və yoxlanıla bilən materiala əsaslanacaqlar.

Dmitri Kobitski beynəlxalq müşahidəçilərin Qazaxıstanda işinin necə qurulduğu barədə danışıb və MDB Parlamentlərarası Assambleyasına daxil olan bütün parlamentlərin səsvermənin monitorinqini aparmaq üçün nümayəndələrini respublikaya göndərdiyini vurğulayıb.