Qazaxıstan Respublikası Senatının sədri ilə görüş keçirilib

13 mart 2026

Qazaxıstan Respublikası Senatının sədri ilə görüş keçirilib

2026-cı il mart ayının 13-də MDB Parlamentlərarası Assambleyasından olan beynəlxalq müşahidəçilər ilə Qazaxıstan Respublikası Senatının sədri Maulen Aşimbayev arasında görüş keçirilib.

Sədr referendumun monitorinqini həyata keçirən MDB dövlətlərinin parlamentarilərinə minnətdarlığını bildirib, seçki prosesinin maksimum açıqlığının və şəffaflığının təmin edilməsində maraqlı olan Qazaxıstan üçün onların ekspert qiymətləndirməsinin vacibliyini vurğulayıb.

Müşahidəçilər qrupunun koordinatoru, Azərbaycanın Milli Məclisinin sədr müavini Ziyafət Əsgərov monitorinq missiyasının tərkibi barədə məlumat verib. O qeyd edib ki, Assambleyanın müşahidəçiləri öz işlərində MDB iştirakçısı olan dövlətlərdə Demokratik seçkilər, seçki hüquq və azadlıqları standartları haqqında Konvensiyada təsbit edilmiş, dövlət suverenliyinə hörmət, qərəzsizlik, yardımın göstərilməsi və dövlətlərin daxili işlərinə qarışmamaq prinsiplərini rəhbər tuturlar.

İştirakçılar yeni Konstitusiyanın qəbulu ilə bağlı respublika referendumuna hazırlıq məsələlərini və onun ölkənin siyasi sisteminin və dövlət hakimiyyəti institutlarının inkişafı üçün əhəmiyyətini müzakirə ediblər.