2024-cü il fevralın 8-də Azərbaycan Respublikası Milli Məclisinin sədri Sahibə Qafarova Azərbaycanda keçiriləcək prezident seçkilərində MDB Parlamentlərarası Assambleyasından beynəlxalq müşahidəçi qismində gələn Birlik ölkələrinin parlamentlərindən olan həmkarları ilə görüşüb.
Milli Məclisin sədri Azərbaycanın bütün ərazisində keçirilən hazırkı prezident seçkilərinin müstəsna əhəmiyyətini qeyd edib. Sahibə Qafarova MDB PA müşahidəçilərinin fəaliyyətini və təşkilat çərçivəsində parlamentarilərin bütövlükdə əməkdaşlığını yüksək qiymətləndirib.
Qrupun koordinatoru, Qazaxıstan Respublikası Parlamenti Senatının sədr müavini Jakip Asanov həmkarlarına məlumat verib ki, monitorinq qrupuna 38 müşahidəçi – Belarus, Qazaxıstan, Qırğızıstan, Rusiya, Tacikistan və Özbəkistandan olan deputatlar və senatorlar, Assambleyanın vəzifəli şəxsləri və MDB PA-nın Demokratiyanın İnkişafının Monitorinqi Beynəlxalq İnstitutunun ekspertləri daxildir.
Senatın vitse-spikeri uzunmüddətli monitorinqin necə aparıldığını açıqlayıb. O bildirib ki, Demokratiyanın İnkişafının Monitorinqi Beynəlxalq İnstitutun ekspertləri tərəfindən qanunvericiliyin təhlili seçkilərin ölkə qanunvericiliyinə və beynəlxalq standartlara uyğun keçirildiyini göstərib.
Jakip Asanov əlavə edib ki, qısamüddətli monitorinq çərçivəsində MDB PA-dan olan beynəlxalq müşahidəçilər partiya nümayəndələri, seçkiləri idarəetmə orqanları və seçki prosesinin digər iştirakçıları ilə görüşlər keçirib.
“MDB PA-dan olan müşahidəçilər üçün bu əlamətdar tədbirdə iştirak etmək böyük şərəfdir”, – deyə Jakip Asanov qeyd edib.
MDB PA Şurasının Baş katibi Dmitri Kobitski Azərbaycan parlamentinin sədrinə MDB PA-dan beynəlxalq müşahidəçiləri növbədənkənar prezident seçkilərini müşahidə etmək üçün dəvət etdiyinə görə təşəkkür edib. O, seçkilərdən sonra Azərbaycanı yeni inkişaf üfüqlərinin gözlədiyinə əminliyini ifadə edib.