19 mart 2023-cü il tarixdə Qazaxıstan Respublikasında növbədənkənar Məclis (Parlamentin aşağı palatası) və maslihat (yerli inzibati orqanlar) seçkiləri keçirilmişdir.
MDB PA DİMBİ Bakı filialının direktoru və əməkdaşları MDB PA-dan olan beynəlxalq müşahidəçi kimi Qazaxıstan Rеspublikasının Mərkəzi Seçki Komissiyasında akkreditə edilmiş və səsvermə günü Qazaxıstanın Azərbaycandakı səfirliyində yaradılan 262 saylı seçki məntəqəsində Qazaxıstan Parlamenti Məclisinə növbədənkənar seçkilərdə səsvermənin gedişini müşahidə etmişlər.
Səsvermə, yerli vaxtla saat 07:00-dan 20:00-dək keçirilmişdir. Səsvermənin gedişi barədə məlumatlar mütəmadi olaraq Sankt-Peterburq şəhərində yerləşən MDB Parlamentlərarası Assambleyasının müşahidə missiyasının Qərargahına təqdim olunmuşdur. Səsvermədə ümumilikdə 133 seçici iştirak etmişdir. Səsvermə prosesində hər hansı bir pozuntu müşahidə edilməmişdir.
Qeyd edək ki, Qazaxıstan Parlamenti Məclisinə növbədənkənar seçkilərdə ilk dəfə olaraq qarışıq proporsional-majoritar modelindən istifadə olunmuşdur. Burada deputatların 70 faizi partiya siyahıları üzrə proporsional şəkildə, 30 faiz isə – birmandatlı dairələr üzrə majoritar prinsipə əsasən seçilir.
Digər mühüm seçki qaydalarına bütün bülletenlərdə “hamıya qarşı” qrafası, bütün partiyalar üçün Qazaxıstan Parlamenti Məclisinə seçilmək üçün həddin 7 faizdən 5 faizə azaldılması və deputat mandatlarının bölüşdürülməsi zamanı qadınlar, gənclər və xüsusi ehtiyacları olan şəxslər üçün qanunvericilikdə 30 faizlik kvotanın təsbit edilməsi daxildir.