04/12/2021
MDB PA ilə Qərbi Kaspi Universiteti arasında memorandum imzalanıb
07/12/2021
Show all

Milli Məclisin sədri Sahibə Qafarova Müstəqil Dövlətlər Birliyi Parlamentlərarası Assambleyası (MDB PA) Şurası Katibliyinin rəhbəri Dmitri Kobitskinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb

Dekabrın 6-da Milli Məclisin sədri Sahibə Qafarova Müstəqil Dövlətlər Birliyi Parlamentlərarası Assambleyası (MDB PA) Şurası Katibliyinin rəhbəri Dmitri Kobitskinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
Parlamentin sədri ölkəmizin beynəlxalq qurumlarla, o cümlədən MDB PA ilə sıx əməkdaşlıq etdiyini vurğulayaraq, Milli Məclisin deputatlarının beynəlxalq tədbirlərdə fəal iştirak etdiyini, müzakirə olunan məsələlərə Azərbaycan tərəfinin münasibətini bildirdiklərini diqqətə çatdırıb.
Vətən müharibəsində torpaqlarımızın işğaldan azad olunmasından və həmin ərazilərdə törədilmiş dağıntılardan söz açan Sahibə Qafarova bildirib ki, biz bu gün sülhdən, gələcək inkişafdan danışmaq istəyirik. Ötən il noyabrın 10-da imzalanmış üçtərəfli Bəyanatın müddəalarına birmənalı şəkildə əməl olunması region dövlətlərinin ümumi mənafelərinə xidmət edir. Sahibə Qafarova xalqımızın regionun gələcəyinə böyük ümidlərlə baxdığını söyləyib.
Söhbət zamanı parlamentin sədri MDB PA-nın Demokratiyanın, parlamentarizmin inkişafının və vətəndaşların seçki hüquqlarına riayət olunmasının monitorinqi beynəlxalq institutunun (DİMBİ-nin) fəaliyyətini və institutun Bakı filialının gördüyü işləri müsbət qiymətləndirib. Qeyd edilib ki, institutun Bakı filialı MDB məkanında seçki, referendum kimi siyasi prosesləri yaxından izləyir, onların monitorinqində iştirak edir, bu sahədə beynəlxalq təcrübənin öyrənilməsinə layiqli töhfəsini verir.
Səmimi qəbul üçün minnətdarlığını bildirən MDB PA Şurası Katibliyinin rəhbəri Dmitri Kobitski başçılıq etdiyi nümayəndə heyətinin ölkəmizə səfərindən və burada gördüklərindən məmnun qaldıqlarını söyləyib. Qonaq təmsil etdiyi təşkilatın Azərbaycanla əlaqələrin dərinləşməsinə önəm verdiyini deyib. Qeyd edilib ki, Azərbaycan nümayəndə heyətinin MDB PA-nın tədbirlərində fəal iştirakı, azərbaycanlı deputatların model qanun yaradıcılığına verdikləri töhfə MDB PA ilə Milli Məclis arasında mövcud olan yüksək səviyyəli əməkdaşlığı göstərir.
Dmitri Kobitski ölkəmizə səfər çərçivəsində MDB PA-nın DİMBİ-nin Bakı filialının yeni ofisində yaradılmış şəraitlə yaxından tanış olduqlarını, filialın əməkdaşları ilə söhbət etdiklərini, görülən işlərlə maraqlandıqlarını diqqətə çatdırıb. Qeyd edib ki, institutun mərkəzi ofisi ilə Bakı filialı arasında sıx əməkdaşlıq yaranıb.
MDB PA-nın DİMBİ-nin direktoru İvan Muşket başçılıq etdiyi institutun Bakı filialı ilə birlikdə gələcəkdə görüləcək işlər barədə fikirlərini bölüşüb.
Görüşdə Rusiya Federasiyası ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun başçısı Nizami Səfərov, Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev, MDB PA Şurasının Baş katibinin müavini – Milli Məclisin MDB PA-da səlahiyyətli nümayəndəsi Aydın Cəfərov, MDB PA DİMBİ-nin Bakı filialının direktoru Teymur Muradov və digər rəsmi şəxslər iştirak ediblər.