16/06/2021
AMEA Hüquq və İnsan Haqları İnstitutu arasında qarşılıqlı əməkdaşlıq
08/07/2021
Show all

“İradə ifadə edilməsi azadlığının təmin edilməsi sahəsində normativ-hüquqi tənzimlənmə islahatları”

MDB PAA DİMBİ Bakı filialı 30 iyun 2021-ci il tarixində “İradə ifadə edilməsi azadlığının təmin edilməsi sahəsində normativ-hüquqi tənzimlənmə islahatları” mövzusunda videokonfrans keçirmişdir.

Videokonfransda, MDB PAA DİMBİ Bakı filialının direktoru Teymur Muradov, Azərbaycan Respublikası Milli Məclisinin deputatları Aydın Mirzəzadə və Könül Nurullayeva, Türkdilli Ölkələrin Parlament Assambleyası (TÜRK PA) Baş katibinin müavini, Qazaxstan Respublikası Parlamentinin nümayəndəsi Talqat Aduov; Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının (MSK) mətbuat xidmətinin rəhbəri Şahin Əsədli; AMEA Hüquq və İnsan Haqqları İnstitutu, Beynəlxalq münasibətlər və insan hüquqları şöbəsinin müdiri Cahangir Cahangirli; Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası (AVCİYA) Seçki Qərargahının rəhbəri Məhərrəm Zülfüqarlı; Vəkillər Kollegiyasının üzvü, hüquqşünas Roman Qaraşov; Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Siyasi idarəetmə fakültəsinin dekan müavini Sərxanbəy Xudiyev, bir sıra QHT və KİV nümayəndələri, müxtəlif təşkilatların əməkdaşları, tələbə, gənclər və MDB PAA DİMBİ Bakı filialının əməkdaşları iştirak etmişlər.

MDB PAA DİMBİ Bakı filialının direktoru Teymur Muradov videokonfransı açaraq Filial tərəfindən cari ildə “İradə ifadə edilməsi azadlığının təmin edilməsi sahəsində normativ-hüquqi tənzimlənmə islahatları” adlı elmi-araşdırma işinin aparıldığını, aparılmış elmi-araşdırma işi nəticəsində ölkəmizdə ifadə və söz azadlığı, bu azadlıqların təmin olunması istiqamətində yaradılan normativ baza, həyata keçirilən dövlət proqramları və islahatlar, onların nəticələri, beynəlxalq əməkdaşlıq təcrübəsinin təhlil edilərək Bakı filialı tərəfindən ümumiləşdirildiyini, geniş hesabat şəklinə salınaraq 2 dildə tərtib edildiyini tədbir iştirakçılarının diqqətinə çatdırdı.

Tədbir, MDB PAA DİMBİ direktoru – İvan İliç Muşket adından konfrans iştirakçılarına salamlama mətninin oxunması ilə davam etdi.

Daha sonra çıxış edənlər Azərbaycan Respublikası Milli Məclisinin deputatları Aydın Mirzəzadə və Könül Nurullayeva iradə və ifadə azadlığının təmin olunmasında Azərbaycan Respublikasının keçdiyi yol, qanunverici orqan tərəfindən qəbul edilən normativ sənədlər barədə geniş məlumat verdilər. Türkdilli ölkələrin Parlament Assambleyası (TÜRK PA) Baş katibinin müavini Talqat Aduov TÜRK PA-nın müvafiq sahədə fəaliyyəti, qurum tərəfindən həyata keçirilən seçkiləri müşahidə təcrübəsi barədə məruzə ilə çıxış etdi. AMEA Hüquq və İnsan Haqqları İnstitutu, Beynəlxalq münasibətlər və insan hüquqları şöbəsinin müdiri Cahangir Cahangirli, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Siyasi idarəetmə fakültəsinin dekan müavini Sərxanbəy Xudiyev, Vəkillər Kollegiyasının üzvü, hüquqşünas Roman Qaraşov isə çıxışlarında KİV-lərdə söz azadlığının inkişafı istiqamətində həyata keçirilən islahatlar, görülən işlər, sosial şəbəkələrdə söz azadlığı, təcrübədə ifadə və söz azadlığının məhdudiyyətləri, sərhədləri və təminatları barədə, Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası (AVCİYA) Seçki Qərargahının rəhbəri Məhərrəm Zülfuqarlı isə iradə ifadə edilməsi azadlığı, seçkilər və referendumların təşkili və keçirilməsində AVCİYA-nın təcrübəsi, eləcə də müvafiq sahələrdə beynəlxalq təşkilatlarla iş təcrübəsinə dair tədbir iştirakçılarını məlumatlandırdılar.

Videokonfrans qarşılıqlı diskusiya və maraqlı fikir mübadiləsi ilə yekunlaşdı.