22 yanvar 2020-ci il tarixində MDB PAA DİMBİ Bakı filialının müşaviri Gültəkin Əsgərova və filialın eksperti Rüfət Məmmədov Bakı şəhəri Boulevard otelində Mərkəzi Seçki Komissiyası Ali Məhkəmə və apellyasiya məhkəmələri ilə birgə layihəsi çərçivəsində “Seçki mübahisələrinin məhkəmə qaydasında həlli”nə həsr olunan regional seminar-müşavirədə iştirak etmışlər.
Seminarın keçirilməsində əsas məqsəd 2020-ci il fevralın 9-na təyin edilmiş Milli Məclisə seçkilərin yüksək səviyyədə təşkil olunub azad və ədalətli keçirilməsi üçün atılan bütün addımlarla yanaşı, seçki mübahisələrinin həlli istiqamətində də müvafiq məhkəmələrin və dairə seçki komissiyalarının məlumatının artırılması, bununla bağlı görülən işlərin effektivliyinin gücləndirilməsi və vətəndaşların seçki hüquqlarının daha səmərəli təmin olunmasından ibarətdir.
Seminarda çıxış edən MSK sədri Məzahir Pənahov belə formatla vətəndaşlarımızın seçib-seçilmək hüquqlarının həyata keçirilməsi üçün hüquqi bazanın mövcudluğunu qeyd etdi. Daha sonra MSK-nın sədri Azərbaycan vətəndaşlarının konstitusion hüquqlarının reallaşmasına xidmət edən Seçki Məcəlləsindən, seçki hüquqlarının təmin edilməsi üçün atılmalı olan addımlardan söz açdı.
Sonra tədbirdə Ali Məhkəmənin hakimi Xəqani Məmmədov, Bakı Apellyasiya Məhkəməsinin sədri İman Nağıyev və Sumqayıt Apellyasiya Məhkəməsinin sədri Səadət Bəktaşi mövzu ilə əlaqədar çıxış etmişlər.
Daha sonra seminarda Mərkəzi Seçki Komissiyası, Ali Məhkəmə və Bakı Apellyasiya Məhkəməsindən olan təmsilçiləri “Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə vətəndaşların seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin seçki komissiyalarına verilməsi və onların araşdırılması qaydaları, Milli Məclisə seçkilərdə seçki hüquqlarının müdafiəsi ilə bağlı qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi və məhkəmədə seçki hüquqlarının müdafiəsinə dair işlər üzrə icraat” mövzularında çıxışlar etmişlər.
Seminarın sonunda seçki mübahisələrinin məhkəmə qaydasında həlli ilə bağlı müxtəlif mövzularda müzakirələr aparılmışdır.